Bakı şəhəri Xəzər rayonu sakini Kərimov Səid Yusif oğlu dövlət tərəfindən ona kompensasiya şəklində ödənilməli olan 16 milyon manatın Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənimsənildiyini iddia edir.
S.Kərimov bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Xəzər rayonunun Qala qəsəbəsində yerləşən, onun da səhmdarı olduğu “Qala Sınaq Təcrübə Bazası” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazi plana düşüb. O iddia edir ki, Heydər Əliyev prospekti - Hava limanı - Mərdəkan yolunun təmir və tikintisi zamanı plana düşən zavodun söküntüsü üçün dövlət tərəfindən ayrılan kompensasiyadan səhmdarlara heç bir vəsait ödənilməyib: “2000-ci ildə “Qala STB” ASC özəlləşdirməyə getdi. Səhmlər isə səhmdarlar arasında paylandı. Mənim də 15 faiz səhmim var idi. Bu müəssisə müəyyən müddətdən sonra yol tikintisi ərazisinə düşdüyünə görə söküldü. Məlumat üçün bildirim ki, söküntüyə görə bu müəssisəyə kompensasiya ayrılmışdı. Kompensasiyanın məbləği təxminən 107-110 milyon aralığında olub. Ancaq bu kompensasiya səhmdarlara ödənilməyib. Əmlak Məsələləri Dövlət Komitəsində şəxsən Şahbazov Rüstəm və Kərəm Həsənov tərəfindən saxta məktub verilərək “Azəryolservis” ASC-ə göndərilib. “Azəryolservis”də bu işlə məşğul olan Faiq Məmmədov tərəfindən iki dəfə pul köçürülüb. Ancaq pul hara köçürülüb bəlli deyil. Səhmdarlara pul çatmayıb. Bu mövzuda bu günə qədər yazdığım şikayət məktublarına heç bir reaksiya verilməyib. Mənə çatacaq kompensasiyanın məbləği 16 milyon manatdır”.
Məsələ ilə bağlı yazıda adları çəkilən qurumlara müraciət ünvanladıq. Məsələni diqqətdə saxlayacağıq.
Günel CƏLİLOVA