Nərimanov rayonu, Əliəşrəf Əliyev küçəsinin sakinləri “Şans” MTK-dan və onun sahibi Məhərrəm Məhərrəmovdan şikayətçidirlər.
Belə ki, Bakının Nərimanov rayonu Əliəşrəf Əliyev küçəsi 92/108 ünvanında pilot layihə olaraq sökülən 15 həyət evinin sakinləri evlərinin yerində tikilən çoxmərtəbəli binanın sahiblərindən şikayətçidirlər. Sakinlər deyirlər ki, evlərinin sökülməsinə o şərtlə icazə veriblər ki, yeni binada onlara mənzil verilsin
Əliəşrəf Əliyev küçəsinin sakinləri: “Bizə deyilmişdi ki, bina 2 il ərzində hazır olacaq, ancaq iki il dörd il olub, bina ilə bağlı hər hansı bir xəbər yoxdur”
Sakinlər qeyd edirlər ki, binanı tikən şirkət ailələrə dörd il ərzində kirayə haqlarını vaxtlı-vaxtında verir: “Əksəriyyətinin kirayə haqları ilə bağlı narazılığı olmasa da, artıq başqa evdə qalmaq istəmir, öz mənzillərinə köçmək istəyirlər. Hətta elə ailələr var ki, onlara verilən kirayə haqqı onlara kifayət etmir. Öz evimizə köçsək yaxşı olar. Binanın tikilişi, demək olar ki, dayanıb. Binada hər hansı bir tikinti işi getmir. İşin uzanması sakinləri çətin vəziyyətə salır. İşin dayanması ilə bağlı rəhbərliyə müraciət edəndə o bizə bildirir ki, 3 və ya 5 günə tam sürətlə iş başlayacaq. Belə deyə-deyə günlər, aylar keçir.
Onu da qeyd edim ki, bizə deyilmişdi ki, bina 2 il ərzində hazır olacaq. İki ildən sonra biz öz evimizə köçəcəydik. İki il dörd il olub, ancaq bina ilə bağlı hər hansı bir xəbər yoxdur”.
“Şans” MTK şirkəti - Məhərrəm Məhərrəmov: “Üç ay müddətinə bina sakinləri yeni evlərinə köçəcəklər”
Məsələ ilə bağlı “Şans” MTK şirkətinin təsisçisi Məhərrəm Məhərrəmov qeyd etdi ki, üç ay müddətinə bina sakinləri yeni evlərinə köçəcəklər. İşin ləngiməsinə gəlincə, MTK sədri qeyd etdi ki, ətrafda olan binalardan işin gedişi ilə bağlı şikayətlər olduğu üçün yubanma yaşandı.
Günel CƏLİLOVA