Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin qəbiristanlığı yerləşən əraziyə çirkab suların axıdılması haqqında məlumat yayılıb. Qeyd edilir ki, qəbiristanlıqdakı məzarlar çirkab suyun içindədir. Bu barədə qəsəbə sakinləri sosial şəbəkədə məlumat paylaşıblar.
Sakinlər qeyd olunan ünvanda yerləşən qəbiristanlıqdakı məzarların suyun içində olmasından narahatdırlar.
Qeyd edək ki, çirkab suları dedikdə axar suyun müxtəlif sənaye və məişət tullantıları, həmçinin, atmosfer yağmurları vasitəsilə çirklənməsi başa düşülür. Bəzən və ya çox vaxt bu çirklənmələr qanunla tənzimlənən gigiyena normalarından artıq olur. Buna görə də onlar ətraf mühitə atılmazdan öncə müvafiq üsullarla təmizlənməlidir.
Ekspertlər bildirirlər ki, çirkab suların ətraf əraziyə, qəbiristanlığa axıdılmasının səbəbi həmin ərazidə kanalizasiya şəbəkəsinin işlək olmamasıdır. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən müəyyən işlər görülməsinə baxmayaraq, hələ də bu sahədə problem yaşanır.
Çirkab suyun qəbiristanlığın ərazisinə axması, ilk növbədə, həmin qəbiristanlıqda yaxınları, doğmaları dəfn edilən şəxsləri narahat edir.
“Xüsusi olaraq onu da qeyd edək ki, ərazidə qrunt sularının yığılmaması üçün torpaqlama və digər işlər həyata keçirilib”
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, hazırda sözügedən ərazidə çirkab suyun axıdılması ilə bağlı hər hansı bir problem yoxdur: “Yayılan videogörüntülərin nə zaman çəkilməsi ilə bağlı məlumatımız yoxdur. Ancaq onu deyə bilərik ki, hazırda qeyd olunan ərazidə bu hal müşahidə edilmir. Xüsusi olaraq onu da qeyd edək ki, ərazidə qrunt sularının yığılmaması üçün torpaqlama və digər işlər həyata keçirilib".
Günel CƏLİLOVA