4 mart 2021-ci il tarixdə YAP Şəhər Təşkilatının konfrans zalında Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirildi. Konfransdan əvvəl Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhidlər Xiyabanı”nı və Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad etdilər.
Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransını Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açdı. Başçı konfrans iştirakçılarını salamladı. Konfransın işində iştirak etdiyinə görə Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanova təşəkkürünü bildirdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərdə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin böyük izdihamla təşkil edilməsindən, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrlə aparılan işlərdən, onlara göstərilən diqqət və qayğıdan, Şəhidlər Xiyabanında görülən abadlıq-quruculuq işlərindən, Vətən müharibəsinin şəhidləri üçün qəbirüstü abidələrin ucaldılmasından danışdı. Yaralı qazilərə Şirvan şəhərində yerləşən xəstəxanalarda göstərilən tibbi xidmətdən, karonavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışdı. Ağsaqqalları görülən işlərdə daha fəal iştirak etməyə çağırdı.
Konfransda çıxış edən Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə ağsaqqal hərakatının tarixindən, Ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, nüfuzlu ağsaqqal kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd etdi. Akademik Əhliman Əmiraslanov anti-Azərbaycan mətbu orqanlarında ölkəmizə qara yaxmağa çalışanlara qarşı ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirdi. Ağsaqqalların tövsiyə və təşəbbüsləri ilə şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən razı qaldığını bildirdi.
Konfransda Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov hesabat-məruzəsi ilə çıxış etdi. Natiq Şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışdı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın ağsaqqallara, ağbirçəklərə göstərdiyi diqqət və qayğını, onların bütün ağsaqqallara örnək, nümunə olan fəaliyyətlərini qeyd etdi. Sonra Şirvan şəhər Ağğsaqqallar Şurasının yeni tərkibi seçildi.
Konfrans Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul etdi.