“Sovetski" adlanan ərazinin sakinləri bu günlərdə Yasamal Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Sakinlərin etiraz aksiyası barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, sakinlər onlara verilən kompensasiyanın evlərinin və torpaq sahələrinin dəyərindən qat-qat aşağı olduğunu bildirirlər: “Kompensasiya almaq üçün müəyyən edilən məbləğin həcmi olduqca azdır. Həmin vəsaitlə ev almaq mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, həmin kompensasiyanın böyük bir hissəsi isə bu müddət ərzində kirayə mənzillərə xərclənib”.
Onu da qeyd edək ki, “Sovetski” sakinləri dəfələrlə müxtəlif qurumların qarşısında etiraz aksiyası keçiriblər və hər zaman tələbləri eyni olaraq qalıb.
Sakinlər onu da vurğulayırlar ki, onlar üçün müəyyən edilən kompensasiya ədalətli təyin olunmayıb və bazar qiyməti nəzərə alınmayıb.
“...insanlara qəpik-quruş verilir”
“Sovetski” sakini, şikayətçi Səadət Teymurova bildirdi ki, kompensasiya məbləği düzgün verilmir. O məbləğlə şəhərdən kənarda yalnız 1 otaqlı ev almaq mümkündür: “Uşaqlarımızın dərsə gedib-gəlməsi problemdir. Sökülən evin dəyərində kompensasiya verilməlidir. Bazar qiymətinə görə vəsait verilmir. İnsanlara qəpik-quruş verilir. Bununla ev almaq mümkün deyil. Elə insanlar var ki, onlar hələ də kirayədə yaşayırlar”.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və təhlili sektorundan sözügedən məsələ ilə bağlı Hüquq şöbəsinə müraciət etməli olduğumuzu bildirdilər. Ancaq Hüquq şöbəsindən isə zənglərimizə cavab verən olmadı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2018-2019-cu illər ərzində “Sovetski”dən köçürülənlərə yardım edilməli idi.
Günel CƏLİLOVA