Məlumdur ki, son zamanlar “Azəriqaz” İstehsalat Birliyinin smart sayğacları mexaniki sayğaclarla əvəzləməsi ilə bağlı kütləvi şikayət var. Abonentlərin şikayəti əsasən mexaniki sayğacların daha çox sərfiyyat yazması ilə bağlıdır. Onlar smart sayğacların mexaniki sayğaclarla dəyişdirilməsini istəmirlər. Ancaq abonentlərin istəyinə baxmayaraq, proses davam edir.
Maraqlıdır, abonent buna etiraz edərək, smart tipli sayğacın saxlanmasını və ya yerinə qaytarılmasını tələb edə bilərmi?
“Smart sayğaclar mürəkkəb mexanizmə malikdir, əslində, bölgələrdə yaşayan vətəndaşlar üçün əlverişli deyildi”
Məsələ ilə bağlı fikir bildirən kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov qeyd etdi ki, smart sayğacların qiyməti mexaniki sayğaclarla müqayisədə xeyli bahadır. Həmçinin, smart sayğaclar mürəkkəb mexanizmə malikdir: "Bu sayğaclar, əslində, bölgələrdə yaşayan vətəndaşlar üçün əlverişli deyildi. Bir çox insan kartı sayğaca yerləşdirə və balansındakı məbləği sayğaca köçürə bilmirdi. Bir çox halda sayğac bloka düşürdü. Yaxud smart kartlara ödəniş edə bilmək məsələsi də aktual idi. Həmçinin, smart sayğacların istismar müddəti başa çatdıqdan sonra onu yeniləmək lazımdır. Onlar daimi istifadə üçün nəzərdə tutulmayıb. Bu sayğacları yeniləmək də xeyli bahalı prosesdir. Burada qeyri-adi heç bir məsələ yoxdur. Bu prosesdə qeyri-şəffaflığın olduğunu iddia edənlər də tamamilə haqsızdırlar. Əhalinin narahatlığı başadüşüləndir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, abonentin narazılığı olduğu halda yenidən smart sayğaclar qaytarılıb yerinə quraşdırılır, yəni qurum bundan imtina etmir. Hələ ki, elə bir şikayət eşitməmişəm ki, abonent köhnə sayğacını qaytarmaq istəsin, amma “Azəriqaz” bundan imtina etsin. Hüquqi cəhətdən də abonent bunu tələb edə bilər. Ümumiyyətlə, indi bu cür şikayətlərin sayı çoxluq təşkil edir”.
Günel CƏLİLOVA