Üstündə pis söyüş yazıldığı iddia edilən qadın corabları marketlərdə...

Son günlər sosial şəbəkələrdə “OBA” marketlər şəbəkəsində üzərində söyüş yazılan qadın corablarının satılması barədə foto paylaşılıb. Corabların şəklini “Facebook”da tanınmış yazar-tərcüməçi Nadir Qocabəyli paylaşıb. Paylaşılan şəkildə corabların üzərində ingilis dilində “fuck” yazıldığı açıq şəkildə görünür.
Yazar şəkli paylaşaraq bildirib ki, çoxları üstündəki yazıya baxmadan alır, çoxu heç bu yazının mənasını da anlamır: "Mən olmasaydım, yoldaşım da fikir vermədən alacaqdı, artıq götürmüşdü. Üstündəki yazını göstərdim ki, söyüşdür və qoydu yerinə... Mən bunu təxribat sayıram”.
Qeyd edək ki, haqqında danışılan şəkil sosial şəbəkələrdə geniş müzakirəyə gətirib çıxarıb və üzərində söyüş yazılan geyim növünün marketdə satılması narazılığa səbəb olub. Ekspertlər hesab edirlər ki, üzərində söyüş yazılan geyim növünün və ya hansısa əşyanın açıq şəkildə satışa çıxarılması düzgün deyil.
- “Son zamanlar dünya brendləri öz marka məhsullarının reklamı üçün fərqli yanaşmalar həyata keçirərək müxtəlif ifadələrdən istifadə edirlər”
Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsinin Marketinq kommunikasiyaları üzrə şöbə müdiri Fəzilət Səmədova bildirdi ki, son zamanlar dünya brendləri öz marka məhsullarının reklamı üçün fərqli yanaşmalar həyata keçirərək, müxtəlif ifadələrdən istifadə edirlər: "Lakin “OBA” marketlər şəbəkəsində məhsullardan birinin üzərində belə ifadənin olması məqsədli şəkildə həyata keçirilməyib. Məlumat üçün bildirmək istəyirik ki, "OBA" marketlər şəbəkəsində həmin corabların satışı dayandırılıb".
Günel CƏLİLOVA