“Bolt” taksi şirkəti ilə vətəndaşın arasında problem... kartla ödənişə qarşı dirəniş?

Mayis Əliyev: “...müştərinin haqqı çatır ki, həmin şirkəti və sürücünü məhkəməyə versin”

img

Ölkədə, demək olar ki, bir çox taksi şirkəti tərəfindən müştərilərə göstərilən xidmətin keyfiyyəti günü-gündən aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək və yaxud müştərini dəqiqələrlə gözlətmək, pik saatlar olmasa belə özlərindən qiymət artımı kimi hallara yol verildiyi üçün bir çox taksi şirkətindən şikayətlərin sayı durmadan artır.

Şikayət sayı artan taksi şirkətlərindən biri də “Bolt”dur. Bakı şəhər sakini Sevda Ağalarova “Bolt” taksi şirkətindən şikayətçidir. Sərnişin bildirir ki, sürücü kartla odəniş etdiyini biləndən sonra onu maşından düşürüb: “Sürücü gedişdən imtina edib. Ancaq hesabımdan gedişhaqqı çıxılıb. 8.47 AZN hesabımdan çıxılıb. Bununla artıq neçənci dəfədir eyni problemi yaşayıram”.

Qeyd edək ki, bir müddət öncə taksi şirkətləri kartla ödənişin onlara sərf etmədiyini bildirmişdilər. İstənilən halda, sərnişinin taksidən düşürülməsi düzgün deyil.

  • “Taksi xidməti qanunla tənzimlənmədiyi və taksi sürücülərinin də bir çoxunun bu işi...”

Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, taksi xidməti qanunla tənzimlənmədiyi və taksi sürücülərinin də bir çoxunun bu işi ikinci iş olduğu üçün bu sahədə xidmət aşağıdır: “Ümumiyyətlə, taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yaranıb. Səbəb bəzi insanların daha çox qazanc əldə etmək məqsədilə ikinci iş kimi taksi fəaliyyəti göstərməsidir. Bu, həssas sahədir, müəyyən qayda-qanun yaratmaq lazımdır. Bəzən olur ki, sürücü çağırış yerinə gedərkən yolüstü tamah məqsədilə başqa bir müştəri götürür və sifariş verən müştərini gözlədir. Bunlar taksi xidməti ilə bağlı neqativ hallardır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, taksi sürücüsünün sərnişini maşından düşürməsi düzgün deyil: “Müştərinin haqqı çatır ki, həmin şirkəti və sürücünü məhkəməyə versin”.

Günel CƏLİLOVA

Son xəbərlər