Son günlər sosial şəbəkədə dövlət uşaq bağçalarına qəbulun dayandırılması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd edilir ki, dövlət uşaq bağçalarına uşaq qəbulu müvəqqəti olaraq dayandırılır.
Bildirilir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrinə yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq. Uşaq bağçalarına qəbulun dayandırılması xəbəri valideynlərin narahatlığına səbəb olub. Valideynlər uşaqlarını bağçaya göndərmək istəyirlər, lakin yayılmış məlumat onları bu fikrindən yayındırır. Bu məlumatdan sonra bəzi valideynlər çarəsizlikdən uşaqlarını özəl bağçaya göndərmək istəyirlər.
Məlumat üçün bildirək ki, Bakı şəhərində 350, ölkə üzrə isə 1600 dövlət tabeliyində məktəbəqədər təhsil müəssisi fəaliyyət göstərir.
Dövlət uşaq bağçalarına qəbulun nə səbəbdən dayandırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
“Pandemiya dövründə bağça nümayəndələri çalışırlar ki, sıxlığı tənzimləsinlər”
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, hazırda bağçaların fəaliyyəti dayandırılmayıb: “Pandemiya dövründə bağça nümayəndələri çalışırlar ki, sıxlığı tənzimləsinlər. Elə bağça var ki, orada uşaq sayı çoxdur, eləsi də var azdır. Məlumdur ki, masa arxasında daha öncə 4 yer idi. Ancaq indi koronavirus infeksiyasına görə masa arxasına 2 yer qoyulub. Həmçinin, çarpayılar arasında məsafə çoxaldılıb. Görülən bu işlər bağçalarda yaşanan sıxlığı tənzimləmək üçündür. Nəzərə almaq lazımdır ki, bu, ötəri bir prosesdir. Virus tamamilə yox olduqdan sonra hər şey normallaşacaq”.
Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.
Günel CƏLİLOVA