Astara rayonundan Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib şanlı zəfərimizə adını yazan gənclərin əksəriyyəti idmançılardır.
Boks üzrə gözəl nailiyyətlər sahibi olan rayonun Ərçivan qəsəbə sakini Ruslan Əliyev Qarabağın azadlığı naminə erməni dığalarına qarşı döyüşlərdə hünərlə vuruşub şəhidlik zirvəsinə ucalmışdır. Qalib şəhidimiz hələ qəsəbə 4 saylı məktəbdə oxuduğu illərdə boksa böyük maraq göstərir. Rayon, respublika səviyyəli yarışlarda müntəzəm iştirak edir, dəfələrlə qalib adını qazanır. Azərbaycan yığma komandasının üzvü olan igid əsgər Ruslan Əliyevin Vətən müharibəsi zamanı döyüş meydanlarında şücaəti isə dövlət tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb.
Astara rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə respublikamızda olan xüsusi karantin rejimi qaydalarını gözləməklə rayon gənclərinin bir qrupu Ruslan Əliyevin ailəsini ziyarət ediblər. Ətraflı tanışlıqdan sonra gənclər şəhidin idman və hərbi sahədə nailiyyətlərinə həsr olunmuş guşəyə maraqla baxıb, onun keçdiyi şərəfli həyat yolunu gələn nəsillərə əsl örnək sayıblar .
Həm də görüş zamanı hər iki tərəf qeyd edib ki, ikinci müqəddəs yurd yerimiz Qarabağ müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uğurlu siyasəti Azərbaycan Respublikası ərazilərinin 30 ildən sonra 44 gün müddətinə murdar düşmən tapdağından tam təmizləməkdə mühüm rol oynadı. Hazırda işğaldan azad edilmiş Vətən torpaqlarında böyük quruculuq işləri görülür. İnanmaq olar ki, xalqla ölkə rəhbərin birliyi nəticəsində bu mərhələ də zəfərlə başa çatar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü