“YAŞAT” Fonduna qarşı 5 manatlıq təxribat...

Sosial şəbəkələrdə və bəzi internet media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb.
Füzilinin Arayatlı kənd sakinləri şikayət edərək bildirirlər ki, vətəndaşların aldığı puldan 5, hətta 10 manat kəsilib: “Ən çox 5 manat tutulub. Belə bir şey olacaqdısa, öncədən bizə məlumat verərdilər”.
- "YAŞAT" Fondu - Rəbiyyə Cəfərova: “Fonda pulun köçürülməsi yalnız könüllü şəkildə ola bilər”
Məsələ ilə bağlı “YAŞAT” Fondu ilə əlaqə saxladıq. Fondun müdir müavini Rəbiyyə Cəfərova məlumatın həqiqət olmadığını qeyd etdi: “Fondun mövqeyi elə ilk gündən hər kəsə bəllidir. Fonda pulun köçürülməsi yalnız könüllü şəkildə ola bilər".
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: “Məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən baki-xeber.com-a verilən məlumata görə, yayılmış xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb: “Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub”.
Günel CƏLİLOVA