Bakıda Şərifzadə-160 sakinlərinə istiliyi 500, hətta 1500 manata satmaq istəyənlər kimdir?

“Azəristiliktəchizat” ASC – Rafiq Əliyev: “İşçilərin istilik xidməti üçün vətəndaşdan pul tələb etməsi ilə bağlı iddia əsassızdır”

img

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 160-da yaşayan vətəndaşlar istilik xidməti ala bilmirlər. Sözügedən binada yaşayan sakinlər soyuq qış aylarında istilik əldə edə bilməmələrindən narazılıq edirlər. Sakinlər iddia edirlər ki, “Azəristiliktəchizat” ASC əməkdaşları binaya istilik xidməti göstərmək üçün sakinlərdən əvvəl 500-600 manat, sonra isə 1500-1600 manata yaxın pul tələb ediblər.

Sakinlərin şikayəti ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.

  • “Qanunvericiliyə görə, yaşayış binasının aşağı paylayıcı daxili istilik sistemləri bina mülkiyyətçiləri tərəfindən təmir olunmalıdır”

Qurumun Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 160 saylı yaşayış binasının  istiliklə təmin olunmaması məsələsi araşdırılıb: “Qeyd olunan yaşayış binası əvvəllər payız-qış mövsümündə istilik sistemi ilə təmin olunub. 2020-2021 payız-qış mövsümündə binanın aşağı paylayıcı istilik sistemləri tamamilə sıradan çıxdığı üçün su axıntısı zirzəmiyə dolub. Su axıntısı zirzəmiyə dolduğu üçün xidmət dayandırılıb. Hazırda orada cari təmir mümkün deyil. Çünki binanın aşağı paylayıcı istilik sistemləri əsaslı təmir olunmalıdır. Mövcud qanunvericiliyə görə, yaşayış binasının aşağı paylayıcı daxili istilik sistemləri bina mülkiyyətçiləri tərəfindən təmir olunmalıdır”.

R.Əliyev onu da əlavə etdi ki, işçilərin istilik xidməti üçün vətəndaşdan pul tələb etməsi ilə bağlı iddia əsassızdır: “Şikayətçi ilə əlaqə saxlanılıb, hansı işçinin pul tələb etdiyinin bildirilməsi istənilsə də, heç bir fakt göstərilməyib. “Azəristiliktəchizat” ASC-də vətəndaşlardan və ya digər şəxslərdən ödənişli əsaslarla istilik təchizatını bərpa edən heç bir bölmə yoxdur. Onu da qeyd edim ki, yaşayış binalarının daxili istilik sistemləri bina və mənzil mülkiyyətçilərinə məxsusdur”.

Günel CƏLİLOVA

Son xəbərlər