Şəhid ailələrinə və əlillərə Prezidentin münasibəti hara, bəzi məmurların münasibəti hara...

İlqar Hüseynli: “...bütün icra hakimiyyəti qurumları yenilənməlidir”

img

“Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”. Bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq: “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbr versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı. Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”.

Prezidentin şəhid ailələrinə və müharibə əlillərinə qarşı yüksək qayğıkeş münasibətinə baxmayaraq, hələ də sosial şəbəkələrdə, mediada xüsusən də rayonlarda bəzi yerli məmurların şəhid ailələrinin problemlərinin həllinə, müharibə əlillərinin şikayətlərinə ciddi və çevik yanaşmadıqları ilə bağlı məlumatlar yayılır. Xüsusən də sənədləşmə məsələləri ilə bağlı ləngimələr, get-gəllər çox olur. Yerli-yersiz, hər hansı arayışdan ötrü insanları get-gələ salırlar. Çünki rayonlarda məmurlar sözügedən kateqoriyadan olan şəxslərin problemlərinə heç də hər zaman həssas yanaşmırlar. Hansı ki, bu onların bir nömrəli vəzifəsi olmalıdır.

O baxımdan bütün bunları necə həll etmək olar? Ekspertlər çıxış yolunu nədə görürlər?

  • Ölkədə normal qanunvericilik var

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, çıxış yolu bütün icra hakimiyyəti strukturlarının yenilənməsindən keçir: “Ölkədə normal qanunvericilik var. Qanunda bütün sosial hüquqların qorunması ilə bağlı şəhidlərin, müharibə əlillərinin imtiyazları var. Sadəcə, bunun icrası arzuolunan səviyyədə deyil. Bunu icra etməyən kimdir? Yerli məmurlar. Ona görə də çıxış yolu ondan ibarətdir ki, bütün icra hakimiyyəti qurumları yenilənməlidir. Dünya standartlarının tələblərinə cavab verən, korrupsiyaya bulaşmayan, bu kimi neqativ hallardan uzaq olan, yeni düşüncəli şəxslər vəzifə başına gətirilməlidirlər. Əks halda, köhnə rayon icra başçıları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinin rəhbərləri vəzifələrində qaldıqca, bu problemlər həllini tapmayacaq. Çünki onlar bu və ya digər dərəcədə korrupsiyaya, rüşvətə bulaşıblar və dövlət idarəçilik sistemini öz bildiyi kimi idarə edirlər. Ona görə də icra hakimiyyəti strukturu əsaslı şəkildə yenilənməlidir. Yoxsa, şəhid ailələrinə və müharibə əlillərinə qayğı yüksək səviyyədə olmayacaq. O baxımdan hesab edirəm ki, idarəçilik sistemi yenilənməlidir. Köhnə idarəçiliklə işləyən məmurlar düzələn deyil”.

Ekspert hesab edir ki, yalnız genişmiqyaslı yenilənmədən sonra bu sahədə dönüş yarana bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər