Ədliyyə Nazirliyi notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərə səsləndi

img

Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabr ayında elan edilmiş müsabiqədə iştirak etməyə dəvət olunub. Hazırda COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar müsabiqə üzrə test imtahanının cari ilin aprel ayının əvvəlində keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ərizələrin qəbulunun mart ayının 5-də başa çatdırılması qərara alınıb.

"Notariat haqqında" Qanuna əsasən, namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq.

Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcək.

Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcək.

Əlavə məlumatları nazirliyin internet saytından, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər