Taksi şirkətləri heç bir xəbərdarlıq etmədən ƏDV-ni müştərilərdən tutur... ƏDV-ni kim ödəməlidir?

Son illər Azərbaycanda ən sürətlə böyüyən sektorlardan biri də taksi sektorudur. Mütəmadi olaraq bazara yeni şirkətlərin daxil olması rəqabəti də artırır. Nəticədə şirkətlər qiymətləri endirir ki, bu da vətəndaşlara sərf edir.
O da məlumdur ki, hazırda ölkəmizdə zəng vasitəsilə çağırılan taksilərlə yanaşı, internet vasitəsilə sifariş edilən taksilər də var. Son zamanlar taksi şirkətlərinin sərnişindən daha artıq ödəniş alması barədə səslənən şikayətlərin sayı artıb. Belə ki, taksi şirkətləri ƏDV-ni özləri deyil, sərnişinə ödətdirir.
Taksi şirkətindən istifadə edən sərnişin ödənişi nağd şəkildə edərsə, ondan əlavə vəsait tutulmur. Sərnişin ödənişi nağd şəkildə deyil, kart vasitəsilə edərsə, o zaman qət ediləcək yol üçün müəyyən edilən vəsaitdən əlavə 70 qəpik və ya 1 manat tutulur. Səbəb kimi isə ƏDV-nin tutulması göstərilir.
Ekspertlər qeyd edirlər ki, bu hal daha çox ölkədə fəaliyyət göstərən xarici taksi şirkətlərində qeydə alınır. Müştəri gediş haqqını kart vasitəsilə ödəyərsə, ondan əlavə olaraq vəsait tutulur.
- “...vətəndaşların ödədikləri məbləğdən, avtomatik olaraq, 18 faiz tutulacaq”
İqtisadçı-ekspert Radil Fətullayev bildirdi ki, xarici şirkətlərin xidmətindən istifadə edən zaman həmin o xidmət haqqını köçürmə yolu ilə etdikdə vətəndaşların ödədikləri məbləğdən, avtomatik olaraq, 18 faiz tutulacaq: “Bu da təxminən 3.50 AZN-lik gedişə 62-63 qəpik pul edir.
Belə aydın olur ki, taksi şirkətlərində ƏDV gediş haqqından əlavə icra edilir. Yəni şirkət qazanır, vergisini müştəri ödəyir. Maraqlı orasıdır ki, bu məbləğ qaimədə əksini tapmadığından, müştəri ödədiyi ƏDV ilə yalnız mobil bank tətbiqində tanış olur”.
Günel CƏLİLOVA