Koronavirus şəraitində "ikinci əl geyimlər" hansı məntiqlə satılır...

img

Bu gün dünyada, eləcə də Azərbaycanda ikinci, üçüncü əl məhsulların satışı adi hala çevrilib. Məsələn, mobil telefon, elektrik avadanlıqları, avtomobillər bir neçə əldən keçərək satılır.

Bu sırada geyim mağazalarının xüsusi yeri var. İndiki pandemiya dövründə geyim məhsullarının ikinci əl satışı haradasa təhlükədən xəbər verir. Çünki xarici ölkələrdən, əsasən də Avropadan alınan bu paltarların hansı şəraitdə ölkəmizə gəlib çıxdığından xəbərsizik.

Qeyd edək ki, Bakıda və respublikanın digər yerlərində bu cür mağazalara tələbat da kifayət qədərdir. Bu geyimlərin ucuz satılmasına səbəb isə geyilmiş olmasıdır.

O da bəllidir ki, koronavirus infeksiyası hələ də dünyanı təhdid edir. Bu virus Avropada daha geniş yayılır və belə olan halda, bu qitədən ölkəmizə gətirilmiş ikinci əl paltarlar əsl təhlükə mənbəyidir.

  • Eyyub Hüseynov: “Koronavirusun yayıldığı bir vaxtda xaricdən gətirilən bir çox mal təhlükəli ola bilər”

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, indiki məqamda bu kimi geyimlərin istifadəsi yolverilməzdir: “Koronavirusun yayıldığı bir vaxtda xaricdən gətirilən bir çox mal təhlükəli ola bilər. Mən illərdir deyirəm ki, Avropadan gətirilən ikinci əl geyimlər, sənaye məhsulları infeksiya mənbəyidir. İnsanlar özləri bunu nəzərə almalıdırlar. Bir insanın geyindiyi paltarın başqası tərəfindən geyinilməsi onsuz da yolverilməzdir, çünki bu, hər cür dəri xəstəliklərinə səbəb ola bilər. Vətəndaşlarımız yaxşı olar ki, ikinci əl geyimlər almaqdan imtina etsinlər. Bu geyimlər dezinfeksiya edilsə belə, yenə də Azərbaycana göndərilən zaman əldən-ələ keçir. Bu, həmin məhsulun virus daşıyıcısı olması üçün yetərlidir”.

  • Araz Kərimov: “İkinci əl geyimlərin lazımi qədər dezinfeksiya olunmaması geyimdən istifadə edəni...

Həkim Araz Kərimov bildirdi ki, bu geyimlərdən bizə gələcək təhlükə az deyil: “İkinci əl geyimlər kifayət qədər dezinfeksiya edilməli, daha sonra istifadə olunmalıdır. Onların lazımi qədər dezinfeksiya olunmaması geyimdən istifadə edəni müxtəlif yoluxucu xəstəliklərə yoluxdura bilər. Bura parazitar infeksiyaları aid etmək olar. Məsələn,  paltar biti. Amma koronavirusa yoluxmaq kimi bir ehtimal yoxdur. Çünki bu virus əşyalar və geyimlər üzərində uzun müddət qala bilmir”.

Günel CƏLİLOVA

Son xəbərlər