Xırdalanda Tarif Şurasının qərarına zidd qayda - 30 yox, adambaşına 50 qəpik...

Samir Əliyev: “Xırdalan əhalisi məişət tullantılarına görə adambaşı 50 qəpik deyil, 30 qəpik versin”

img

El arasında zibil pulunun (məişət tullantılarının yığılması, daşınması) yığılmasının qanuni və ya qanunsuz olması barədə çoxsaylı sual yaranır. Məişət tullantılarının daşınması, yığılması ilə bağlı standart qiymət müəyyən olunsa da, bəzi ərazilərdə təyin olunandan artıq pul toplanır.

Məlumat üçün bildirək ki, Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri təsdiqlənib. Qərara əsasən,  bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub. Qeyri-əhali qrupunda bərk məişət tullantılarının yığılması və daşınması 1 kubmetr üçün aylıq 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi isə 1 kubmetr üçün 1 manat 20 qəpik, 1 ton üçün 5 manat 50 qəpikdir.

Qeyd etdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən, bərk məişət tullantılarının yığılması, daşınması 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunsa da, bəzi yerlərdə daha artıq pul toplanır. Söhbət Xırdalan şəhərindən gedir. Şəhərdə adambaşına tələb edilən “zibil pulu” aylıq 50 qəpikdir.

  • “Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır, yığım işini “JEK”lər həyata keçirir”

İqtisadçı-ekspert Samir Əliyev məsələ ilə bağlı bunları qeyd etdi: “Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli, 5 nömrəli qərarına əsasən, adambaşına məişət tullantılarının yığılmasına görə aylıq tarif 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Məlumat üçün bildirim ki, yığım işini “JEK”lər həyata keçirir. Ancaq onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”.

S.Əliyev onu da əlavə etdi ki, Xırdalan şəhərində yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: “Abşeron RİH-in məlumatına əsasən, rayonda, ümumilikdə, rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmiləşdirilir? Yaxşı olar ki, Xırdalan əhalisi məişət tullantılarına görə adambaşı 50 qəpik deyil, 30 qəpik versin”.

Günel CƏLİLOVA

Son xəbərlər