Pandemiyadan sonra kafe və restoranlar qiyməti azı 10-20 faiz qaldırıb

Mayis Əliyev: “Bir müddət qapalı qalan restoranlar yenidən açıldıqdan sonra daha çox gəlir əldə etmək istəyir”

img

Pandemiya səbəbindən uzun müddət müştərilərin üzünə bağlı olan kafe və restoranlar fevral ayından etibarən fəaliyyətə başlayıb. Uzun müddət gəlirsiz qalan restoran və kafelər qiyməti qaldırmaqla itirdiyi gəliri geri qaytarmaq istəyir. Belə ki, paytaxt restoranlarında pandemiyadan əvvəlki qiymətlərlə indiki qiymətlər arasında fərq yaranıb.

 

Kafe və restoranlarda müştərilərə təklif olunan yeməklərin qiymətində 10-20 faiz artım müşahidə olunur. Kafe və restoranlarda təklif olunan bütün növ kababların qiyməti 2 manat artıb. Ümumiyyətlə, qiymət bahalaşması bütün yemək növlərində özünü göstərir.

Kafe və restoranlarda çalışanlar qiymət artımını ərzaq məhsullarının bahalaşması ilə əlaqələndirirlər.

  • “...bu sahədə işləyənlərin gəlir əldə edə bilməməsi süni şəkildə qiymətlərin artımına şərait yaradıb”

Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, əksər restoran və kafe uzun müddət işləmədiyi üçün təklif etdiyi təamların qiymətini qaldırıb: “Bəllidir ki, pandemiya ilə əlaqədar olaraq restoran və kafelərin fəaliyyəti dayandırıldı. Bir müddət qapalı qalan restoranlar yenidən açıldıqdan sonra daha çox gəlir əldə etmək istəyir. Bu səbəbdən də həmin obyektlərdə qiymət artımı müşahidə edilir.

Həmsöhbətimiz onu da vurğuladı ki, kafe və restoranlardakı qiymət artımı insan faktoru ilə bağlıdır. Restoranların uzun müddət işləməməsi,  icarə haqlarının ödənilməməsi, bu sahədə işləyənlərin gəlir əldə edə bilməməsi süni şəkildə qiymətlərin artımına şərait yaradıb: “Restoran sahibləri xərcləri ilə gəlirləri arasındakı tarazlığı qorumaq üçün qiymətləri artırıblar. Başqa bir səbəb yoxdur. Səbəb insan faktoru və mövcud durumdur”.

Ekspertin sözlərinə görə, restoranların pandemiya ilə əlaqədar işləmə şərtləri artırılıb. Onların dezinfeksiya xərclərində artım var. Bu səbəb də qiymət artımına şərait yaradır: “Onu da nəzərə almaq lazımdır ki, bu sahə rəqabətli sahə olduğu üçün qiymət artımının qarşısını almaq mümkün olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər