Azərbaycanda vaksinin guya islama zidd olduğu barədə təxribatçı şayiələr hansı məqsədlərlə yayılır...

Cəmşid Əliyev: “Peyvənd virusa qarşıdırsa, deməli, faydalıdır, hər kəs də buna əməl etməlidir”

img

Son zamanlar koronavirus infeksiyası ilə bağlı vurulan vaksinlərin tərkibi barədə sosial şəbəkədə xoşagəlməz fikirlər yayılır. Qeyd edilir ki, guya vaksinlərin vurulması dini baxımdan haramdır. Bu baxımdan vaksinin vurulması düzgün hesab edilmir.

İndoneziya əhalinin sayına görə (270 milyon nəfər) ən böyük müsəlman ölkəsidir. Ölkədə koronavirusla bağlı vaksinə görə ciddi problem yaranııb. Müsəlmanlar deyirlər ki, vaksin Çindən gəlib və onun tərkibində donuz yağı var. Ona görə də o vaksin haramdır. Müsəlmanlara haram yox, halal vaksin lazımdır.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli media nümayəndələrinə açıqlamasında qeyd edib ki, vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır: “Vaksinlərin tərkibində elə bir maddə yoxdur. Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz bu məsələləri qadağan etmir, təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Mütəxəssislər də deyirlər ki, vaksinin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı səslənən fikirlər əsassızdır.

  • “Vaksin xəstəlik əleyhinə maddədir və inanclı insanların peyvəndin tərkibinə dini aspektdən yanaşması doğru deyil”

Dinşünas Cəmşid Əliyev qeyd etdi ki, peyvəndlərdə halal və haramı müzakirə etmək doğru deyil: “Peyvənd virusa qarşıdırsa, deməli, faydalıdır, hər kəs də buna əməl etməlidir. Sağlıq məsələsində bu cür fikirlərə diqqət etmək lazım deyil. Qeyd edilir ki, vaksinin tərkibində donuz yağı olduğu üçün haram sayılır. Ancaq həmin fikirlərin hər hansı elmi əsası yoxdur və insanlar rahat, əmin şəkildə vaksindən istifadə edə bilərlər. Ümumiyyətlə, peyvəndin tərkibində halallıq axtarmaq düzgün deyil. Nəzərə almaq lazımdır ki, bu, xəstəlik əleyhinə maddədir və inanclı insanların peyvəndin tərkibinə dini aspektdən yanaşması doğru deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər