Gözəl insan, sözün dəyərini başa düşən qələm əhli İltifat Əhmədov Lənkəranda yaşamaqla burada çıxan “Lənkəran” qəzetində çalışır. Uzun illərdir qələm əlində xalqına, vətəninə xidmət edir.
O, xeyirli söz deməyi bacarır. Yazdıqları həmişə insanları halallığa, doğru yola dəvət edir. İltifat müəllim qəzet işindən əlavə də saf, duru, həqiqəti yaşadan sözdən kənar durmur. Bu günlərdə Bakı şəhərindəki "Eko PRİNT" mətbəəsində onun "Vətən sənə oğul deyir" adlı kitabı çapdan çıxıb. Nəfis tərtibatlı, 163 səhifədən ibarət kitab Lənkəran rayonu, Hirkan qəsəbə sakini, Xüsusi Təyinatlı Dəstənin miçmanı, kəşfiyyatçı, Aprel şəhidi Rusif İbrahim oğlu Ağayevin şərəfli ömür və döyüş yoluna həsr olunub. Qeyd edək ki, bu, İltifat Əhmədovun nəşr olunmuş sayca ikinci kitabıdır. Onun 2019-cu ildə sözügedən mətbəədə "İllərin söz çələngi" adlı kitabı işıq üzü görüb.
Bəli, doğru, ağıllı sözə həmişə ehtiyac vardır. “Vətən sənə oğul deyir” kitabı bir igidin Vətən, torpaq sevgisini dilə gətirsə də, hamı üçün nəzərə alınıb. Yuxarıda sadaladığım sözlərə tapınmaqla həyatına dəyər qatmaq məqsədini güdür. Yaradıcılığına ehtiyac duyduğumuz İltifat müəllimə isə yeni-yeni kitablarını oxumaq həvəsi ilə uğurlar arzulayırıq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü