Redaksiyamıza İmişli rayonunun Yalavac kəndindən 51 nəfərin ad və soyadları yazılmış, lakin imzaları olmayan, zərfin üstündə vətəndaş İbrahimov Şakir Ələkbər oğlu tərəfindən göndərildiyi bildirilən məktub daxil olub.
Ad və soyadları göstərilən şəxslər Prezident İlham Əliyevə ünvanladıqları müraciətin sürətlərini Ombudsmana, Daxili İşlər NaziriVilayət Eyvazova və KİV-ə də göndəriblər.
Müraciətlərini əsasən hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevdən sonra rayonda heç bir əsaslı dəyişikliyin baş vermədiyi fikri üzərində quran vətəndaşlar, başda hazırkı icra başçısı Elçin Rzayev olmaqla, rayonun bir sıra vəzifəli şəxslərinin və iş adamlarının adlarını çəkir, onları ən müxtəlif qanunsuzluqlarda ittiham edirlər. Lakin ortaya qoyulan ittiham və iddialara dair heç bir konkret fakt və ya izah verilmir.
Vətəndaş İbrahimov Şakir Ələkbər oğluna və redaksiyamıza müraciətdə ad-soyadları göstərilən digər 50 nəfər Yalavac sakinlərinə bildiririk ki, “Bakı-Xəbər” qəzeti və eyniadlı sayt olaraq hər bir oxucumuzun və izləyicimizin müraciətinə nə qədər ciddi önəm versək də, sübutsuz iddiaları, vətəndaşların şərəf və ləyaqətinə kölgə salan fikir və mülahizələri, bir qayda olaraq, ictimailəşdirmirik. Odur ki, bütün izləyicilərimizə bir daha üz tutaraq xahiş edirik ki, redaksiyamıza məktub göndərərkən toxunduqları məsələlərin məzmunlu və faktlarla zəngin olmasına xüsusi diqqət etsinlər.
“Bakı-Xəbər” redaksiyası