Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb. Belə ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl həmin polisin qaba hərəkətinə dair yayılmış görüntülər Daxili İşlər Nazirliyində araşdırılıb. Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxs Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib.
DİN-in Mətbuat xidməti faktı təsdiqləyib.
Həmin görüntülərə əsasən, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşı qadına qarşı zorakılıq hərəkətləri edib. Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin qadını polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
Son zamanlar DIN-in öz əməkdaşları ilə bağlı ictimailəşən neqativ hallar barədə məsələlərə dərhal reaksiya verib, əməli tədbir gördüyünün şahidi oluruq. Bu təcrübədən başqa qurumlar da örnək götürməlidirmi?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən olay doğrudan da geniş ictimai rezonansa səbəb oldu: “Təəssüf doğuran bir haldır. Azərbaycan polisinin şərəfli missiyası və fəaliyyətinə kölgə salan bir addımdır. Ötən ilin mart ayından bugünə qədər pandemiya ilə bağlı Azərbaycan polisinin göstərdiyi əzmkar fəaliyyəti görəndə adam qürur hissi keçirir. Belə neqativliklərin sosial şəbəkələrdə geniş tirajlanmasında da bir məqsəd və məram var. Bu, Azərbaycan polisinin nüfuzuna kölgə salmaq cəhdidir. Bu barədə həmin bərbərxananın sahibi DİN rəhbərliyinə məlumat versəydi, yenə də tədbir görüləcəkdi. Son iki il ərzində DİN ictimailəşən bu sayaq hadisələrə qarşı sərt davranış nümayiş etdirir. Bu da insan hüquq və azadlıqlarına olan diqqətin bariz nümunəsidir. Həm Polis haqqında qanunda, həm də ölkənin Konstitusiyasında insan hüquqları prioritet sahə olduğuna görə DİN öz əməkdaşlarının neqativ fəaliyytətinə prinsipial yanaşır və hamıya görk olacaq addımlar atır. Belə nümunələr digər dövlət qurumlarına da əsas olmalıdır ki, onlar da ictimailəşən neqativ hallarla bağlı operativ reaksiya versinlər. Müşahidələr göstərir ki, DİN, digərlərindən fərqli olaraq, vətəndaşların şikayətinə daha çevik reaksiya verən qurumdur”.
Ekspert hesab edir ki, hər bir vətəndaş polisin nüfuzunun qorunmasına dəstəyini əsirgəməməlidir.
Məhəmmədəli QƏRİBLİ