Ölkəmizdəki marketlərin rəflərində elə məhsullar var ki, üzərində Azərbaycan dilində hər hansı bir məlumat qeyd edilməyib. Həmin məhsulların üzərində ya ingilis, ya da rus dilində məlumat qeyd edilir.
Məhsulun tərkibini bilmək istəyən şəxs rus və ya ingilis dilini bilmirsə, çıxış yolunu satıcıya müraciət etməkdə görür.
“...bu, istehlakçı hüquqlarının pozulmasıdır”
Onu da qeyd edək ki, satışa çıxarılan bütün məhsullar xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Ancaq satışda olan məhsulların Azərbaycan dilində qeyd edilməməsi barədə fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, Azərbaycan əmtəə bazarında dövlət dilində markalanmamış kifayət qədər məhsul var və bu, istehlakçı hüquqlarının pozulmasıdır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında, eləcə də “Dövlət dili haqqında” Qanunda birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu, ucuz vətənpərvərlik deyil, istehlakçının mal haqqında informasiya almaq kimi beynəlxalq hüququnun bir hissəsidir. İstehlakçının hüququ var ki, mal haqqında müfəssəl, doğru informasiya alsın. Hətta ərzaq malları insanların gündəlik tələbatları olduğu halda, bəzi marketlərdə onların da üzərində Azərbaycan dilinə tərcümə olunmuş yarlıq tapa bilmirik”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, içlik vərəqində Azərbaycan dilində məlumat olmayan preparatlar da yetərincədir: “Bu gün dərman preparatlarında mütləq Azərbaycan dilində informasiya olmalıdır, yoxdursa, bu o deməkdir ki, həmin məhsul qaçaqmaldır. Çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələ həll olunmamış qalır. Onu da qeyd edim ki, Azad İstehlakçılar Birliyi 50 adda körpə qidasının, uşaq yeməklərinin etiketlərini tam təmənnasız Azərbaycan dilinə tərcümə edib, elektron və kağız variantını distribüterlərə verib. Körpə qidaları sahəsində bu dəyişikliyi apara bilmişik. Həmin ərəfədə Azad İstehlakçılar Birliyi bir sıra firmalara çağırış etdi ki, bu işləri həll edək, lakin çox az firma dəstək verdi. Biz də bu gün mümkün olanı edirik”.
Günel CƏLİLOVA