Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2020-ci il ərzində ölkədə 26 004 cinayət faktı qeydə alınmışdır ki, bu da 2019-cu ilin göstəricisindən 2,5 faiz azdır.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 8 bənd azalaraq 258 olmuşdur. Onların 58,7 faizi az ağır, 27,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 5655 hadisə şəxsiyyət əleyhinə olan, 8702 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 1211 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 311 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 10338 hadisə iqtisadi sahədə, 98-i isə digər cinayətlərdir.
Ötən il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 430 cinayət hadisəsi törədilmişdir ki, bu da 2019-cu ilin göstəricisindən 6,9 faiz azdır.