Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda, ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Avropa İttifaqı tərəfdaş ölkələr, o cümlədən, Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbrsizliklə gözləyirik.
“...Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirəcək”
Koronavirus infeksiyası ilə mübarizədə Avropa İttifaqı və ÜST-in Azərbaycana dəstək verməsinin əhəmiyyəti haqqında danışan həkim-ekspert Rasif Bağırov bildirdi ki, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün ölkəmizlə birgə fəaliyyət göstərəcək. Layihə çərçivəsində beynəlxalq təşkilatlar ölkəmizə dəstək olacaq və vaksinin əhəmiyyəti barədə birgə iş aparılacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirəcək. Layihə Avropa İttifaqı və ÜST-in COVID-19 pandemiyasına cavab tədbirlərinə davam etməkdə olan dəstəyinə, o cümlədən, tərəfdaş ölkələrlə virusa qarşı mübarizə və ən həssas insan qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasına yönələcək.
Günel CƏLİLOVA