44 gün çəkən İkinci Qarabağ müharibəsində Vətənin hər qarışını öz qanı, canı ilə alınmaz qalaya çevirən minlərlə şəhidlərdən biri də Tamerlan Xankişi oğlu Süleymanovdur.
Bu Vətən sevdalımız 1992-ci ildə Lerik rayonunun füsunkar təbiətli, qartallı qayaların ətəyində qərar tutmuş, torpağa nur töküb nur biçənlər yurdu kimi tanınan Tikəband kəndində anadan olub. Süleymanovların halal ailə ocağında boy verən 13 uşağın sonbeşiyi olub Tamerlan. Hələ kiçik yaşlardan həyat onun sınaq qarşısında qoyur. 9 yaşında anasını, 16-a çatmamış isə atasını itirir. Böyük qardaşı Habilin himayəsi altında böyüyür. Qaldı ki, gələcəyə ümid, nikbinlik ovqatında baxır. Ən əsası, Qarabağ torpağını zəbt etmiş dığaların öz layiqli payını alacağı günə ürəkdən inanır.
Tamerlan ordu sıralarına yola düşəndə qardaşını əmin edir ki, Vətənə ləyaqətlə xidmət edib onun yanına üzüağ dönəcək. Belə də olur. Əsgərlikdə olduğu müddətdə xalqına bağlılığı, vətənpərvərliyi, sədaqəti ona yalnız hörmət gətirir. Habil şəhid qardaşı haqqında deyir: - Həqiqi hərbi xidməti üzüağ başa vurub evə gəldi. Uşaq vaxtından zəhmətə alışdığı üçün tez də özünə iş tapa bildi. Həddən artıq ürəyiaçıq, istiqanlı idi. Yalanı, haqsızlığı heç sevməzdi. 2015-ci ildə Tamerlana toy etdim. Müqəddəs Qarabağın erməni dığalarının ayaqları altında qalmasına dözmürdü. Düşməndən qisas alacağı günü gözləyirdi. Odur ki, ailəsini bizə tapşırıb könüllü hərbi xidmətə getdi. Bizə dedikləri də belə oldu: “Gedirəm. Hər şey, hətta ölüm də ola bilər. Çünki düşmən Qarabağdan çıxmaq istəmir. Vətən, torpaq uğrunda ölüm əsl mənada şərəfdir. Mən belə bir ölümlə bütün nəslimizin adını ucaldaram”. Demə, bu günə hazırlaşır... MAXE kimi işlədi. Nümunəvi xidməti nəzərə alınaraq ona qizir rütbəsi verildi. Qorxmazlığı, qeyrəti komandirlərini, tabeliyində olan əsgərləri çox sevindirirdi.
Köksündə Vətən sevgisi, qəlbində millət eşqi gəzdirən Tamerlan ötən ilin 27 sentyabr ayından başlayan İkinci Qarabağ müharibəsində axıra qədər vuruşmaq və qələbə qazanmaq niyyəti ilə birinci gedir. Olduğu ağır müharibə meydanlarda döyüş igidliyinə görə fərqlənir. Düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Noyabr ayının 4-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə Vətənin şərəfi naminə uf demədən qəhrəmancasına canından keçir. Dağlar diyarı Lerikdən köçüb getdiyi Xəzər rayonunun Binə qəsəbəsində şəhidlər üçün ayrılmış qəbiristanlıqda torpaq öz igid oğlunu yaşatmaq üçün bağrına basır.
İndi şəhidin Vətən boyda saf və müqəddəs ruhu uca göylərə qalxıb. Özü də şaddır. Çünki onun azad görmək istədiyi Qarabağ düşmən tapdağından Milli Ordumuzun rəşadəti hesabına hazırda azaddır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü