"Zeytun faydasız bitkidir", "İnsan orqanizminə heç bir xeyri yoxdur", "Zeytun yağı çox zərərlidir" və başqa bu kimi ifadələrlə yəqin ki, rastlaşmamısınız. Doğrudan da zeytun bitkisi və yağının faydasını saydıqca bitməz.
Zeytun Abşeronun nadir bitkilərindəndir. Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Zeytun uzunömürlü və quraqlığa davamlığı ilə digər meyvə ağaclarından seçilir. Bu meyvənin quru lətinin 50-75 faizi yağdır. Məlumdur ki, bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir.
Qeyd edək ki, bu gün satışda müxtəlif adda, müxtəlif tərkibdə zeytun yağları var. Bu məhsul tək ölkəmizdə deyil, xarici ölkələrdə yetişir və olduqca yüksək tələbat var.
Zeytun yağlarının qiymətləri bir-birindən çox fərqlənir. Bu da alıcıların seçimini çətinləşdirir. Zeytun yağlarının keyfiyyətli olub-olmaması haqda isə çox alıcı məlumatsızdır. Keyfiyyətin yaxşı olmadığı, müxtəlif qatışıqlar əlavə edildiyi bildirilir. Bu isə istehlakçıların sağlamlığını təhlükə altında qoyur. Məlumatlara görə, Avropanın əksər ölkəsində zeytun yağının qadağan olunan, zeytunun qalıqlarından alınan "Pomace” növünü bu yağı istehsal edən ölkələr ucuz qiymətə Azərbaycana satırlar. Bakıda yerləşən marketlər də zeytunun "Pomace” növünün endirimlə satışını təşkil edirlər. Avropada qadağan olunan adıçəkilən zeytun yağı marketlərdə endirimlə satışa çıxarılır.
“...istehlakçılar buna fikir versinlər”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, zeytunun "Pomace” növü müxtəlif xəstəliklərə səbəb olur: “Məlumat üçün qeyd edim ki, zeytun yağının müxtəlif növləri var. Ən yaxşı zeytun yağı "Extravirgin”dir. Bu yağ rafinə olunmamış, soyuq sıxmadan əmələ gələn yağdır. İlk sıxmadan əmələ gəlir. Zeytun yağının digər növü "Virgin” yağıdır. Daha bir növü isə "Pomace”dir. Bu, sanki zeytun jımıxından düzəlir. Əla növ zeytun yağı alınandan sonra müəyyən temperaturda saxlanan zeytunun jımıxından yenidən sıxılaraq əldə edilən məhsuldur”.
Həmsöhbətimiz istehlakçıları zeytun yağı ilə bağlı diqqətli olmağa çağırdı: “Məlumat üçün bildirim ki, Azərbaycan bazarında zeytun yağının sonuncu növü olan "Pomace” yağlarına rast gəlmək olur. Ona görə də istehlakçılar buna fikir versinlər. Adıçəkilən yağ növü əsasən xaricdən idxal edilir. "Pomace” zeytun yağı jımıxdan hazırlandığı üçün müxtəlif xəstəliklərə səbəb ola bilər”.
Günel CƏLİLOVA