Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzərində iş başa çatıb. Qeyd edək ki, tədbirlər planı hələ təsdiqlənməsə də, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bəzi müddəalar artıq məlumdur. Belə ki, planda bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur.
İlkin sənədə əsasən, bərpa və yenidənqurma işlərinə əvvəlcə rayon mərkəzlərindən və iri qəsəbələrdən başlanacaq. 30 ilə yaxın idi ki, erməni əsarətində qalan Qarabağın işğaldan azad edilməsi vətəndaşların öz yurdlarına qayıtması ilə nəticələnəcək. Əslən Qarabağdan olan vətəndaşlar öz doğma yurdlarına qayıtmaq, geri dönmək arzusundadırlar. Onu da qeyd edək ki, Qarabağda tək qarabağlılar deyil, digər bölgələrdən olan vətəndaşlar da yaşamaq istəyirlər. Artıq əksər insan Qarabağdan torpaq almaq arzusundadır. Bununla bağlı müraciət edən vətəndaşların sayı günü-gündən artır.
“Qarabağda, ilk olaraq, yenidənqurma işləri aparıldıqdan sonra bölgəyə kifayət qədər vəsaitin yönləndirilməsi baş verəcək”
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirdi ki, işğaldan azad edilən Qarabağda, ilk olaraq, yenidənqurma işləri aparıldıqdan sonra bölgəyə kifayət qədər vəsaitin yönləndirilməsi baş verəcək: “Etiraf edək ki, Qarabağ gələcəyin perspektiv zonasıdır. İlk növbədə, ərazilər minadan təmizlənməli, bərpa prosesi həyata keçirilməlidir. Bu gün Qarabağdan torpaq almaq istəyənlərin sayı çoxdur. Ancaq nəzərə almaq lazımdır ki, Qarabağda torpaq alqı-satqısının hansı qaydada aparılacağı hələ müəyyənləşməyib. Ehtimal edilir ki, qeydiyyatı olan vətəndaşlara orada torpaqlar veriləcək. Digər tərəfdən, başqa yerlərdən Qarabağda torpaq almaq istəyənlər üçün proses necə olacaq, o da hələ müəyyənləşməyib. Yəni bunlar sonrakı proseslərdir. Amma indidən orada torpaq almaq istəyənlər çoxdur. Vətəndaşlarımız qısa müddətə Qarabağa köçmək, orada yaşamaq istəyirlər” .
Günel CƏLİLOVA