Ordunun silahlanması baxımından Azərbaycanın Ermənistandan dəfələrlə üstün olması bu gün heç kimə sirr deyil. Digər tərəfdən reallıq həm də ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın aldığı silahlar keyfiyyət baxımından da əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan əsas etibarı ilə son hərbi texnologiyalara yiyələnirsə, Ermənistanda vəziyyət fərqlidir. Ölkənin aldığı silahlar daha çox istismardan çıxanlardır.
Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) axırıncı yaydığı hesabatında qeyd olunur ki, son beş ildə Ermənistan silah idxalını 415% artırıb. Məlumata görə, Ermənistanın idxal etdiyi silahların 94%-i Rusiyanın payına düşüb. Hesabatda Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaların artdığı, bunun da iki ölkənin silah alışını artırmasına gətirib çıxardığı vurğulanıb. SİPRİ, həmçinin, Azərbaycanın 2015-2019-cu illərdə aldığı silahın 2010-2014-cü illərdə idxal etdiklərindən 40% az olduğunu bildirib. Bununla belə Azərbaycan son beş ildə aldığı silah həcminə görə Ermənistanı 3 dəfə üstələyib. Hesabatda qeyd edilir ki, Rusiya son 5 ildə Ermənistan üçün əsas silah tədarükçüsüdür. Azərbaycanla bağlı tam ayrı situasiya yaranıb. Ölkəmiz ən müxtəlif dövlətlərdən silah alır. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, alınan silahlar keyfiyyət baxımından da fərqlənir. Belə ki, Ermənistanın əldə etdiyi silahlar yalnız istismar müddətini başa çatdıran və Rusiyanın silahlanmasından artıq çıxarılan silahlardır. Halbuki, Azərbaycan bu silahların Rusiyadan ən son variantlarını əldə edir. Bu deyilənlərin tam həqiqət olduğunu Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiq edib. Belə ki, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün elan edilmiş referendumun təbliğat kampaniyası zamanı Gorusda vətəndaşlarla görüşən Paşinyan olduqca maraqlı faktlar açıqlayıb. “Azadlıq” radiosunun erməni xidməti bildirir ki, Paşinyan burada keçmiş hakimiyyətin ünvanına ciddi ittiham səsləndirib, eks-prezident Serj Sarkisyanın orduya 42 milyon dollarlıq yararsız silah-sursat aldığını açıqlayıb. Paşinyan bu faktı ilk dəfə bəyan edərək deyib ki, bu faktla bağlı cinayət işi qaldırılıb və onun sözlərinə görə, keçmiş hakimiyyətin dövründə tez-tez ordu üçün yararsız sursatlar alınıb: “Serj Sarkisyanın hakimiyyəti 42 milyon dollara silah alıb, həmin silah ümumiyyətlə işləmir, o, ümumiyyətlə heç nəyə yaramır, ancaq metallomdur. Bu adamlar 42 milyon dollar ödəyiblər. Bu silah heç nəyə yaramır, o heç silah da deyil, bəlli deyil nədir. İndi cinayət işi qaldırılıb, qoy Serj Sarkisyan gəlib buna cavab versin”. Paşinyanın bu açıqlması Ermənistanda böyük ajiotaj yaradıb. Ermənistan İslahatçılar partiyasının rəhbəri Vahan Babayan bu xüsusda bildirir: “Ordunun alt paltarı və yeməkxanasından o tərəfə ordu barəsində məlumatı olmayan keçmiş jurnalist bu gün yenidən Serj Sarkisyanın dövründə alınmış silahları xatırlayıb. Təsəvvür edirsiniz necə ciddi ittiham səsləndirir? Nikol bu dəfə artıq hara aparır? Görünür, “İsgəndər” də Çin oyuncağı olub, hə? Hətta kiçik məntiqə malik olan insan belə bu sayıqlamaları beyninə yerləşdirə bilməz”. Paşinyanın bu çıxışından sonra Ermənistan mətbuatı onu sərt tənqib edib. “İrates” qəzeti bu xüsusda yazır: “Hökumət başçısının bu tip açıqlamaları Ermənistanın təhlükəsizlik məsələlərinə tam olaraq ziddir. Siyasi maraqları naminə Paşinyan, hətta hərbi təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır”.
Digər tərəfdən media Paşinyanın dönəmində də elə işəyarayan silahlar alınmadığını bildirir. Real sübut kimi Hindistanın 40 milyon dollarlıq 4 radar stansiyasının Ermənistana tədarükü göstərilir. Məlumata görə, Hindistan artıq Ermənistana radar stansiyalarının tədarükünə başlayıb. Müqavilədə Ermənistana 4 ədəd “Swathi” tipli radarın tədarükü nəzərdə tutulur. Hindistan istehsalı olan radar sistemi sınaq məqsədilə 2018-ci ildən bəri Pakistandan gələn artilleriya atəşinin aşkarlanması üçün Pakistanla sərhəddə yerləşdirilib. Amma artıq onun o qədər də effektiv olmadığı üzə çıxıb. Rusiyalı hərbi ekspert, Moskva Siyasi və Hərbi Təhlil Mərkəzinin direktor müavini Aleksandr Xramçixin də məsələnin bu tərəfinə nəzər salaraq maraqlı məqamlara toxunub. O bildirir ki, Hindistan bir tərəfdən demək olar hər şeyi istehsal etsə də, digər tərəfdən onun silahları xüsusi keyfiyyətə malik deyil: “Təkrar edə bilərəm ki, Hindistan silahları xüsusi keyfiyyətləri ilə seçilmir. Hindistan, demək olar ki, dünyanın hər şey istehsal edən azsaylı ölkələrindən biridir. Məsələn, 1970-ci illərdən bəri “Arçun” tipli tanklar istehsal edirlər və bu günə qədər də elə bir çox irəliləyiş əldə etməyib. “Tejas” qırıcıları da 1970-ci illərdən bəri istehsal olunur, amma yenə də bir o qədər yaxşı alınmır. Bu sıranı kifayət qədər uzada bilərəm. Yəni onların normal silahları yalnız xarici lisenziyaya əsasən istehsal etdikləri şeylərdir. Hindistanın silahlanmasının, hərbi texnikasının əksəriyyəti hələ də Sovet-Rus silahlarıdır. Baxmayaraq ki, bu yaxınlarda silah-sursat və hərbi-texniki münasibətlərini xeyli şaxələndiriblər. Lakin şaxələndirməsinə baxmayaraq, Hindistan Rusiya silahlarının əsas alıcısıdır. Bura radar sistemləri də daxildir. Bu mənada, Paşinyan Hindistandan silah alınması ilə öyünə bilməz. Çünki bu silahlar müasir tələblərə cavab vermir. Azərbaycan isə bu mənada daha öndədir. Ölkə təkcə Rusiyadan yox, İsraildən, İspaniyadan ən müasir radar və digər sisitemlər alır. Yəni bu sahədə Azərbaycan daha öndədir”.
Digər tərəfdən o da faktdır ki, Rusiyadan və digər ölkələrdən Ermənistana verilən hərbi texnika çox vaxt ya istismardan çıxarılmış olur, ya da günün tələblərinə cavab vermir. Məsələn, məlumdur ki, erməni ordusunda da "Solntsepek" yaylım raket sistemləri var. O, 1987-ci ilə aid "Buratino" sisteminin 2001-ci ildə modifikasiya olunmuş variantıdır. Lakin Azərbaycana satılmış "Solntsepek"lər tamamilə yenidir və dağlıq şəraitdə yaxşı maneələri aşma qabiliyyətinə malikdir. Belə ki, T-90 tankının bazasında hazırlanıb, Ermənistana satılanlar isə köhnə T-72 tanklarının bazasındadır. Digər silah sistemləri üzrə də eyni vəziyyət özünü göstərir. Bu mənada, “Alpari” informasiya-təhlil mərkəzinin rəhbəri Aleksandr Razuvayev İrəvanın diqqətli olmasının vacibliyini bildirir. Ekspertin sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan silah alışına böyük həcmdə vəsait sərf edir və ödədiyi pula görə də müasir texnika tələb edir: “Bura Rusiyadan alınan silahlar da daxildir. Xatırladım ki, son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin ötən ilin oktyabrında Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb. Azərbaycan Rusiyadan və digər ölkələrdən müasir silah alışını davam etdirəcək. Ermənistan isə bu imkanlardan məhrumdur”. Ümumuiyytlə, faktdır ki, bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli hərbi gücüdür. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir və bir sıra orduların arsenalında yer alır. Ən mühümü odur ki, ölkəmiz işğalçı Ermənistan qarşısında əzici üstünlüyə malikdir. Bura silahlanma ilə bağlı vəziyyət də daxildir.
Belə bir vaxtda erməni tərəfini narahat edən başlıca məqamlardan biri budur ki, Azərbaycan yaxın tezlikdə Türkiyədən yeni silahlar alaraq üstünlüyünü daha da artıracaq. Bura ilk növbədə döyüş dronları daxildir. Erməni eksperti Vitali Manqasaryan bu xüsusda vurğulayır ki, Qarabağda vəziyyət gərginləşəcəyi təqdirdə Azərbaycan müasir türk hücum dronlarından Ermənistan ordusuna qarşı istifadə edəcək. Bunlar Türkiyənin Suriyadakı rəqiblərini məhv edən pilotsuz təyyarələrdir. Onun sözlərinə görə, bu və digər halları nəzərə alaraq, ermənilər hadisələrin hər cür inkişafına hazır olmalıdır: “Müharibə ilə bağlı Azərbaycan üçün əlverişli şərait yaranıb. Buna görə də ordu və cəmiyyət buna hazır olmalıdır. Dünya Suriyadakı hərbi əməliyyatlarda olduqca uğurlu nəticələr göstərən Türkiyənin hərbi təyyarələrindən danışır. Azərbaycan onlardan istədiyi qədər istədiyi vaxt ala bilər”. Bütün bunlar bir daha təsdiq edir ki, silahlanma məsələsində də Ermənistan həmişə Azərbaycandan çox geridə qalacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.