“Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır”. Bu fikirləri Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, deputatlar seçildikləri dairələrdə fəal və seçicilərlə daim təmasda olmalıdırlar: “İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız”.
Görünən odur ki, yeni seçilmiş deputatlar bundan sonra öz şəxsi məsələlərinin həlli ilə məşğul olmağa, bu və ya digər dərəcədə biznesini genişləndirməyə çalışsalar, onlara güzəşt olmayacaq. Düzdür, qanunvericilik deputatın bizneslə məşğul olmasını qadağan edir. Ancaq o da heç kəsə sirr deyil ki, bəzi deputatlar bizneslərini qohumlarının adına keçirərək, pərdəarxası formada bu işə dəstək verirdilər. Bizneslərini qorumaqdan ötrü deputat mandatından, necə deyərlər, qalxan kimi istifadə edirdilər.
“Hesab edirəm ki, bu sahəyə nəzarət artırılmalıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, əvvəlki parlamentdə belə hallar çox olub: “Milli Məclisə seçilən bəzi deputatlar mandatdan sui-istifadə edirdilər. Ancaq öz və yaxınlarının problemlərini həll etməkdən ötrü çalışırdılar. Yüksək ranqlı nazirlərlə ünsiyyət qurub hansısa şəxsi məsələlərinin həlli ilə bağlı xahişlər edirdilər. Sadə bir seçicinin problemini həll etməkdən ötrü belə fəallıq göstərmirdilər. Təəssüflər olsun ki, bu belədir. O baxımdan, ölkə başçısının səsləndirdiyi iradlar reallığı əks etdirir. Deputatların bir çoxu mandat alandan sonra, ümumiyyətdə, seçildiyi dairənin problemləri ilə yaxından maraqlanmır. Bəzi deputatların seçicilərlə görüşləri formal xarakterlidir. Əslində, bunun seçicilərə heç bir xeyri olmur. Əvvəlki bəzi deputatların biznesi var və fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahəyə nəzarət artırılmalıdır. Deputatlar mandatdan öz şəxsi mənafeyi üçün istifadə etməməlidirlər. Zatən, zaman-zaman seçicilər bəzi deputatların yarıtmaz fəaliyyətindən çox əziyyət çəkiblər. Heç olmasa, bundan sonra belə hallara son qoymaq lazımdır”.
Vidadi ORDAHALLI