Azərbaycanın işğal olunmuş ərazilərində bu ayın sonu keçirilməsi nəzərdə tutulan “parlament və prezident seçkiləri” separatçı rejimlə Nikol Paşinyan iqtidarı arasında münasibətlərin daha da gərginləşməsi ilə müşayiət olunur. Belə görünür ki, Qarabağda keçirilən “seçkilər” Ermənistanın daxili siyasətinə də ciddi təsir edəcək. Məsələ burasındadır ki, sözügedən proses “Qarabağ klanı” və Nikol Paşinyan arasındakı savaşın kulminsasiya mərhələsi sayılır.
Hazırda görünən budur ki, sabiq prezident Serj Sarkisyan və Qarabağ separatçılarından olan Vitali Balasanyan işğal bölgəsində Paşinyana qarşı siyasi cəbhə formalaşdırıb “hakimiyyəti” öz əllərində saxlamağa çalışır. Həbsdə olan Robert Köçəryan da bu prosesə dəstək verir. O, Balasanyanın separatçıların yeni rəhbəri olmasını istəyir. Paşinyan isə fərqli mövqedədir. Ekspertlərin fikrincə, Paşinyan separatçı rejimin başına öz adamını gətirə bilməsə, “Qarabağ klanı” öz əlini gücləndirmək üçün fürsət əldə edəcək, onu hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində aparılan işi genişləndirəcək. İndilikdə isə klan əsas müqaviməti məhz zəbt edilmiş ərazilərdə qurub. “DQR”in “prezidentliyinə namizəd” Bella Lalayan bildirir ki, Paşinyan işğal altındakı ərazilərdə istəyinə nail ola bilməyəcək. Onun sözlərinə görə, uzun müddətdir Ermənistanın xarici siyasətinin inkişaf kursunu müəyyənləşdirən “Qarabağ klanı” meydanı döyüşsüz tərk etmək niyyətində deyil. Separatçı rejim nümayəndəsi qeyd edib ki, Ermənistanda davam edən proseslər Qarabağdakı rejimin həyati maraqlarına təsir göstərir:“Xüsusilə bu klandan çıxmış, barəsində cinayət işi açılan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan məsələsində bu özünü büruzə verir. Bir “məmur“ olaraq Qarabağın keçmiş və indiki “prezidentləri”ni Robert Köçəryanın məhkəməsində görəndə Ermənistan hökumətini tənqid etdim. Mən bu səhnəni həzm edə bilmədim”. Lalayan separatçı rejimin Ermənistanda baş verənləri diqqətlə izlədiyini və İrəvanın zərərli hərəkətlərini dəf etmək üçün lazımi tədbirləri görəcəklərini bildirib. Elə bu da separatçı rejimlə Paşinyan iqtidarı arasında ciddi toqquşmanın olacağının ilk siqnalları sayılır.
Separatçı rejimin keçmiş “xarici işlər naziri” Arman Məlikyan da Qarabağda toqquşmaların olacağını hesab edir. Onun fikrincə, “prezidentliyə güzəştli namizəd” çıxmayacaqsa, Qarabağda vətəndaş toqquşması real olacaq:“Qarşıdurma olacaqsa, bu, Azərbaycanın əlini gücləndirəcək və daha ciddi risqlər yaranacaq”. Erməni ekspert Vaxram Ağacanyan da bildirib ki, Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür:“Qarabağda Paşinyana yaxın olan qüvvələr mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır. Artıq "Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır. Hazırda Bako Saakyana qarşı sui-qəsddə ittiham olunan general Samvel Babayanın aşağıdakı fikirləri bu mənada təsadüfi xarakter daşımır:“Artıq susmayacam. Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehlak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar”. Vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. Həbs edilənlərin əkəsəriyyətinin taleyi naməlumdur. "Qarabağ İnqilab Partiyası” və onun tərəfdarları Bako Saakyanın istefasını tələb edir. Etirazçıların sırası günbəgün artır. Görünən budur ki, hansısa sirli əl Qarabağda aranı qarışdırmağa başlayıb. İnsanlar yeni başçı və yeni hakimiyyət istəyirlər”. Amma zəbt edilmiş ərazilərdə separatçıların rəhbərlyinə, o cümlədən “Qarabağ klanı”na qarşı çıxanların mövqeyi o qədər də güclü deyil. Bunun əvəzində “Qarabağ klanı” Ermənistanın özündə Paşinyana qarşı daha sərt gedişlər etməyə çalışır. Belə ki, onların iştirakı ilə Ermənistanda Paşinyana qarşı siyasi ittifaq qurulur. “Çiçəklənən Ermənistan” partiyasının lideri Hagik Tsarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Paşinyna qarşı anlaşma əldə edib. Vanetsyan isə, son məlumatlara görə, Kremlin adamıdır və bu ittifaqa eks-baş nazir Karen Karapetyanın da qoşulacağı gözlənir. İttifaqın əsas üzvləri sırasında yenə Rusiyaya bağlı olan “Qarabağ klanı” da yer alır. Ermənistanın “İrates” nəşri isə yazır ki, Paşinyanın komandasında yer alanların bir çoxu da artıq baş nazirə qarşı olanlarla bir sırada yer almaq niyyətindədir:“Elə bu səbəbdəndir ki, Paşinyan daha tez-tez bildirir ki, dövlət idarəetmə sistemi inqilaba müqavimət göstərir. Əslində, nəinki bütün sahələrdə “inqilab”ın başa çatması, həmçinin dövlət sisteminin fərqli bir məntiqlə işləməyə başlaması Paşinyanı narahat edir. “Mənim addımım” fraksiyasında olduğu kimi, idarəetmə dairələrində də Paşinyanın tərəfdlarları yoxdur”. Belə vəziyyətdən də “Qarabağ klanı” maksimal dərəcədə istifadə edib Paşinyanı devirəmyə çalışır.
Nahid SALAYEV