Azərbaycan Prezidenti İlham Əliyev yeni formalaşan parlamentin ilk toplantısında etdiyi çıxışda qanunverici orqanın rəhbərliyində müxalifəti təmsil edən millət vəkillərinin olmasının önəmindən bəhs edib:
“Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Qeyd edək ki, Milli Məclisdə keçirilən son səsvermənin nəticəsində parlamentin vitse-spikerlərindən biri müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Fəzail İbrahimlidir. Parlamentin daimi komissiyalarının rəhbərliyində də müxalif siyasi partiyaların təmsilçiləri yer alıb. Bu amilin siyasi sistemin təkmilləşdirilməsində nə kimi rolu olacaq?
Vüqar Rəhimzadə: “Parlamentin idarə olunmasında fərqli siyasi palitranın yaradılması ümumi sistemi təkmilləşdirə bilər”
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni parlamentdə, demək olar, əksər müxalifət partiyasının nümayəndələri təmsil olunur: “Azərbaycan növbəti dəfə uğurlu seçim edərək parlamenti formalaşdırıb. Yeni formalaşan parlamentdə biz müxalifəti təmsil edən millət vəkillərinin də yüksək postlara seçildiyini gördük. Vitse-spikerlərin arasında müxalifəti təmsil edən Fəzail İbrahimli də var. Bunun özü parlamentin demokratik əsaslarla formalaşdığına bir sübutdur. Cənab Prezident çox doğru qeyd edir ki, parlamentin idarə olunmasında fərqli siyasi palitranın yaradılması ümumi sistemi təkmilləşdirə bilər. Çünki alternativ fikirdən hər zaman inkişaf doğur. Bunu müsbət hal sayıram. Hesab edirəm ki, millət vəkilləri hansı partiyadan seçildiklərindən asılı olmayaraq, seçicilərlə tez-tez görüşəcək, onların problemləri ilə yaxından maraqlanacaqlar”.
Xəzər Teyyublu: “Çox gözəl olardı ki, parlamentdə həmin postları əsl müxalifətin nümayəndələri tutsunlar”
Müxalifyönümlü Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ümumən qanunverici orqanda müxalifətin təmsil olunması yaxşı haldır: “Bu, demokratiyanın tələbidir. Biz də istərdik ki, bizim parlamentdə müxalifəti daha çox millət vəkili təmsil etsin. Bunun da yolu proporsional seçki sisteminin bərpasından keçirdi. Belə olan halda, partiyaların rolu cəmiyyətdə daha da artırdı. İndi parlamentdə müxalifət adı ilə təmsil olunanlar özlərini buraxmağa səs verənlərdir. Uzun illər ərzində biz onları parlamentdə müxalifət təmsilçisi kimi görmədik. Prezident bunu istəyirsə, siyasi sistemin təkmilləşməsi baxımından doğrudan da önəmlidir. Ancaq çox gözəl olardı ki, parlamentdə həmin postları əsl müxalifətin nümayəndələri tutsunlar”.
Məhəmmədəli QƏRİBLİ