“Kremllə bu konteksdə ciddi polemika və problemlər gözlənir”
Rusiyanın tanınmış “Kommersant” qəzetində Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında “Heç kim və heç nə unudulmur” başlıqlı geniş məqalə dərc olunub. Sözügedən məqalədə səslənən bir sıra fikirlər Kremlin Ermənistanın Baş naziri Nikol Paşinyana yönəlik mesajları sayıla bilər. Məsələn, məqalədə açıq şəkildə bildirilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil:“Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan prezident Vladimir Putinin dostudur”. Digər tərəfdən, məqalədə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: “Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağına dair vədlərini sual altında qoyur”. Başqa bir tərəfdən, yazıda Putinin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik etdiyi qeyd edilib:“Vladimir Putin Avrasiya İqtisadi Birliyinin toplantısı ilə əlaqədar İrəvanda olanda Rusiyanın bu ölkədəki səfirliyində Köçəryanın xanımı və oğlu ilə görüşdü”. Ən nəhayət o da vurğulanıb ki, Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa, bu, Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq. Bütün hallarda belə görünür ki, Köçəryanın həbsdən azad edilməsi ilə bağlı Paşinyana təzyiqlər dayanmayıb. Paşinyan Köçəryana ciddi rəqib kimi baxır. Yaxşı bilir ki, o həbsdən çıxsa sakit dayanmayacaq. Bu səbəbdən onu həbsdə saxlamaqla siyasi proseslərdən kənarda tutmaq istəyir. Ancaq digər tərəfdən də Rusiya Köçəryanı diqqətdən kənarda qoymur. Bütün bunların fonunda, maraqlıdır, Paşinyan hansı addımı atacaq?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Ermənistanın eks-prezidenti, həbsdə olan Robert Köçəryan Rusiyanın Ermənistanda siyasi dayaqlarını möhkəmləndirən əsas fiqur olub. Məhz onun rəhbərliyi ilə “Qarabağ klanı” 20 il hakimiyyəti öz əlində saxlaya bilib. Nikol Paşinyanın Ermənistanda inqilabı və “Qarabağ klanını” hakimiyyətdən uzaqlaşdırlması Rusiya üçün soyuq duş effektdi yaratdı. Nəticədə Rusiyanın Ermənistanda olan və önəm verdiyi siyasi fiqurların həbsxanaya yolu açıldı. Paşinyanın Köçəryanı həbs etdirməsi əsasən bu ölkədə Rusiyanın dayaqlarını zəiflətmək və öz hakimiyyətini qorumaqla bağlı idi. Ona görə də Rusiya Köçəryanın həbsinə geosiyasi konteksindən yanaşır və heç də onun həbsini ölkənin daxili işi hesab etmir. Məhz Paşinyana verilən ultimatum bununla bağlıdır. Hazırda “Qarabağ klanının” digər üzvləri istintaqa çağırılır. Onların həbsi Rusiya üçün siyasi dayaqlarının zəifləməsi olacaq. Köçəryanın həbsdən azad edilməsi üçün Paşinyana qarşı bu kimi mesaj və təhdidlərdən aydın olur ki, Kreml baş verənlərdən narahatdır. O üzdən çalışır ki, Köçəryan həbsdən azad edilsin və Ermənistanda öz siyasi dayaqlarını qoruyub saxlasın. Hesab edirəm ki, Paşinyan Rusiyanın bu təzyiqləri fonunda geri çəkilməyəcək və öz siyasətini davam etdirəcək. Çünki Paşinyan bilir ki, Köçəryanın azadlılğı onun hakimiyyəti üçün təhlükədir. Kremllə bu konteksdə ciddi polemika və probelmlər gözlənir. Ermənistanda daxili siyasi vəziyyəti nəzarətdə saxlamaq üçün Rusiya digər altternativ variantlar üzərində işləyir. Çox güman ki, həmin variantlar işə salınacaq”.
Vidadi ORDAHALLI