Erməni tərəfinin cəbhə təxribatlarının davam etməsi bu ölkənin Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etməkdə hələ də maraqlı olmadığını üzə çıxarır. Belə görünür ki, düşmənin addımları Qarabağ məsələsinin hərbi həllindən başqa seçim yolu qoymayacaq.
Məsələnin mahiyyətindən danışmazdan öncə qeyd edək ki, düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində yenidən atəşkəsi pozub. Düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Paşazadə qətlə yetirilib. Rəsmi Bakı bəyan edir ki, baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir. Azərbaycan XİN bu xüsusda bildirir: "Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir". Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin Münhendə son görüşü zamanı da düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində eyni addım ataraq daha bir hərbçimizi şəhid etmişdi. Proseslər göstərir ki, Ermənistan bu istiqamətdə təxribatlara son vermək niyyətində deyil. Elə bunun nəticəsidir ki, mart ayının 6-da da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. Maraq doğuran məqam düşmənin nədən cəbhə təxribatlarını davam etdirməsi və Qarabağ məsələsinin həllini hərbi müstəviyə yönləndirməsidir.
Ekspertlər hesab edir ki, əvvəla, Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Babakər dağında dörd yüksəklikdə möhkəmlənməsi ilə Ermənistan hələ də barışa bilmir. Bu yüksəkliklər Ermənistan ordusunun həmin istiqamətdəki mövqelərinə və onlara aparan yollara, Gürcüstan-Ermənistan qaz kəmərinin keçdiyi əraziyə nəzarət etmək imkanı verir. Bunlar Ermənistanda indinin özündə də böyük məğlubiyyət kimi qəbul olunur. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc məsələyə həm də başqa bir prizmadan yanaşır. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, müasir müdafiə tələblərinə cavab verməsi prosesi bütün istiqamətlər üzrə gedir və bu da Ermənistanı narahat edir. O bildirir ki, Azərbaycanın, bütün istiqamətlərdə olduğu kimi, Qazax-Gədəbəy istiqamətində də Silahlı Qüvvələri gücləndirilib, üstəlik, bu istiqamətdə sərhəd qoşunları da ön cəbhəyə yerləşdirilib. Zahid Oruc müasir müdafiə sisteminin tam təmin edilməsi üçün lazım olan bütün hərbi qurğu və vasitələrin Silahlı Qüvvələrin sərəncamında olduğunu vurğulayır: “Həm hərbi balans Azərbaycanın xeyrinə dəyişib, həm də Azərbaycan tərəfi sübut edib ki, müharibə və münaqişə təhlükəsi təkcə Qarabağ separatçılarından qaynaqlanmır, bunun mənbəyi həm də dövlət olaraq Ermənistandır. Bu fonda Azərbaycan ordusunun belə gücləndirilməsi Ermənistanı ciddi narahat edir”. Əsgər ölümlərinə gəlincə, Sosial Tədqiqatlar Mərkəzi rəhbərinin qənaətincə, bu, zaman-zaman baş verən təxribatdır: “Ermənistanın məqsədi Azərbaycanı, lokal da olsa, toqquşmaya cəlb etməklə atəşkəsə əməl etməməkdə, sülh istəməməkdə günahlandırmaq cəhdidir. Amma bu, baş tutan məsələ deyil. Dünya bilir ki, işğalda olan Azərbaycan torpaqlarıdır. Odur ki, Ermənistan hərbi qüvvələri bu torpaqları tərk etməlidir. Məsələ həllini beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bunun başqa yolu yoxdur”.
Onu da xatırladaq ki, 2018-ci ilin sonunadək Sərhəd Qoşunları düşmənlə üz-üzə olmayıb. Həmin vaxtdan Qazax və Ağstafa istiqamətində Sərhəd Qoşunları dövlət sərhədinin mühafizəsini üzərinə götürdü. Bu dövrdə qarşı tərəf düşündü ki, sərhədçilərin təcrübəsizliyindən istifadə edib təxribat yarada və psixoloji üstünlüyü qazana bilər. Lakin 2019-cu ilin fevralından sərhəddə düşmənin başlayan təxribat fəaliyyətlərinin heç biri effektiv olmadı. Əksinə, Sərhəd Qoşunları, yuxarıda qeyd olunduğu kimi, 2-ci Şıxlı və Babakər yüksəkliyi istiqamətlərində yeni mövqelərə çıxaraq möhkəmləndilər. Nəticədə daha geniş əraziyə nəzarət etmək imkanı qazanıldı. Düşmənin təxribatlarının davam etməsi bu imkanları məhdulaşdırmağa hesablanmasa da, bunun mümkünsüzlüyü, əslində ermənilər tərəfindən də etiraf olunur. Digər tərəfdən, yaranmış vəziyyət Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərindən də xətt çəkir. Rusiyanın tanınmış ictimai xadimi, tarixçi-alim Oleq Kuznetsov da məsələyə eyni prizmadan yanaşır: “Savaşın yenidən başlanması Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu mənada yaxşı olardı ki, Ermənistan sülh danışıqlarında real addımlar atmaq cəsarətini, nəhayət, özündə tapa bilsin. Əks təqdirdə savaşın yenidən başlanması qaçılmazdır. Bunu baş nazir Nikol Paşinyan özü də yaxşı bilir. Müharibənin davamının Ermənistan üçün daha dağıdıcı nəticələrə gətirib çıxaracağını da İrəvanda yaxşı bilirlər. Bu səbəbdən Ermənistan artıq ya real addımlar atmalı, ya da yeni fəlaktələrə hazır olmalıdır”.
Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, Qarabağ münaqişəsi istənilən an alovlana bilər. Sadəcə, əsas məsələ budur ki, Ermənistan tərəfi reallıqdan nəticə çıxarıb məntiqlə hərəkət etməli, zəbt edilmiş ərazilərin boşaldılmasına başlamalıdır. Əks təqdirdə düşməni ordumuzun sarsıdıcı zərbələri gözləyir. Düzdür, hələ də Azərbaycan danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir. Amma bu mümkün olmadıqda, hərbi yol istisna deyil. Azərbaycan tərəfinin mövqeyi konkretdir, yəni məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdır, daha sonra digər məsələlərlə bağlı danışıqlar mümkün sayılır. Ekspertlər isə bu fonda diqqəti ona yönəldir ki, indilikdə Ermənistanın daxili və xarici siyasəti həmişəki kimi reallıqdan uzaq olub, qeyri-konstruktiv və əsassız prinsiplərə söykənir. Bu və digər problemləri, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı uğursuzluqalrını gizlətmək üçün isə Paşinyan getdikcə daha çox radikal mövqe nümayiş etdirir. Amma bu radikallıq Ermənistanın özü üçün kəskin problemlər yaradır. Eyni zamanda Ermənistanın bu mövqeyi regionda kifayət qədər təhlükəli vəziyyət yarada bilər. Burada, yuxarıda qeyd olunduğu kimi, müharibə risqi artır. Ekspertlər hesab edirlər ki, hansısa məqamda regionda hərbi əməliyyatlar başlaya bilər. Bu məqamın regiondakı duruma təsiri isə daha çox dərəcədə mənfi ola bilər. Amma Ermənistan üzündən regionda geosiyasi mənzərənin qeyri-müəyyənliyə salınmasının qarşısını asanlıqla almaq olar. Bunun üçün Minsk Qrupunun həmsədrlərinin Ermənistandan Qarabağ münaqişəsinə dair qəbul edilən sənədlərin müddəalarına əməl etməsi tələbini qəti qoyması kifayətdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar bu fonda daha tez nəticələr verə bilər. Əks təqdirdə savaş qaçılmaz sayılır və Azərbaycanın sürətli inkişafı, hərbi sahədə nailiyyətləri savaşın nəticələrinin necə olacağını da indidən müəyyən etməyə əsas verir. Amma görünən həm də odur ki, İrəvanda Azərbaycanın gücünü real əsaslar üzərində hesablamaqda hələ də çətinlik çəkirlər. Təbii ki, bu durumda da təxribatçı müstəvidə atılan addımlar savaşı tətikləmədən başqa heç nəyə xidmət etmir.
Burada o da nəzərə alınmalıdır ki, Ermənistanın ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyət almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaş Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək. Azərbaycan isə savaşı istsina etmədiyindən, bu istiqamətdə intensiv hazırlıqlar görüb. Dünya da bilir ki, Azərbaycan üçün burada bir məqsəd var və o da işğal altındakı əraziləri geri qaytarmaqdır. Bu fonda Azərbaycan daha çox silah alır və daha da güclənir. Təbiidir ki, danışıqlar nəticə verməsə, bu silah Ermənistan ordusuna qarşı tətbiq ediləcək. Elə ekspertlər də bildirir ki, düşmən təxribatlarının davamı fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində yaxın tezlikdə müəyyən yeniliklərin olacağını istsina etmir. Azərbaycan ya hərb, ya da sülh yolu ilə məsələnin həllində artıq irəliləyişlərin olmasında israrlıdır. Amma real vəziyyət göstərir ki, Bakı məsələnin çözümündə hərbi güc amilindən istifadə etməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.