Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüşdən sonra məlum olub ki, tərəflər ilkin razılaşmanı əldə ediblər. 3 saat davam edən təkbətək görüşdən sonra tərəflər mətbuatın qarşısına çıxıblar. Əvvəlcə Putin açıqlama verərək, İdlib məsələsində razılığa gəldiklərini açıqlayıb. O, tərəflər arasındakı fikir ayrılığının danışıqlarla aradan qaldırıldığını bildirib.
Vladimir Putin deyib ki, Rusiya və Türkiyə İdlibdəki gərginlik problemi ilə bağlı qəbul edilə biləcək həll yolları tapıb: "Görüşdən sonra ortaq şəkildə sənəd hazırladıq. Rusiya və Türkiyə İdlibdə terrorizmlə mübarizənin zəiflədilməməsindən əmindir. Suriyadakı böhranın həlli ilə bağlı ümumi bəyannamə hazırlanması ilə bağlı razılığa gəldik.
Daimi olaraq Suriya rejimi və mülki əhali atəş altındadır. 1 martda da hücum oldu və bu, ilin əvvəlindən 15-ci hücum idi. Türk əsgərləri arasında da itkilər var və Prezident Ərdoğana və Türkiyəyə başsağlığımızı çatdırdıq. Kritik məqamlarda hər zaman ümumi məqamları tapa, çözə bilirdik. Bu gün də elə oldu. Hazırda Astana çərçivəsində danışıqlarımız davam edir. Müzakirələrimizin nəticəsində ortaq bir sənəd hazırladıq. XİN rəhbərləri onu bəyan edəcəklər. Ərdoğanla 6 saatlıq müzakirənin nəticəsi olaraq bu sənədi hazırladıq. Bu, İdlibdə qarşıdurmaların başa çatmasına və mülki əhalinin əzablarına son verilməsinə, bütün tərəflər arasında dialoq qurulmasına kömək edəcək".
Sonra çıxış edən Ərdoğan İdlibdə baş verənlərə görə Əsəd rejimini ittiham edib. Türkiyənin baş verənlərə seyrçi qalmadığını bildirib. Ərdoğan Rusiya ilə işbirliyində problemi həll edəcəklərinə inandığını, bunun üçün hər iki tərəfdə siyasi iradənin olduğunu bildirib. Ancaq Ərdoğan Əsəd rejiminin bütün hücumlarına Türkiyənin cavab vermək haqqını saxladığını bəyan edib:
“Suriyada, o cümlədən, İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək. Türkiyə təhdidlər qarşısında əli-qolu bağlı qalmaz. İdlibdəki razılaşmanın pozulmasına səbəb Əsəd rejiminin hücumlarıdır. Rejimin hər hücumuna qarşılıq veriləcək. Müşahidə məntəqələrimiz bölgədəki vəziyyətə və atəşkəsə nəzarətə məsuliyyət daşıyırlar. Bu gecə 00:01-dən etibarən atəşkəs qüvvəyə minəcək. Ehtiyac içində olan suriyalılara qeyd-şərtsiz yardım edilməsi üçün çalışacağıq. Suriya böhranına həll yolu tapana kimi Türkiyə regiondakı varlığını davam etdirəcək".
Qeyd edək ki, bu, tərəflərin Suriya ilə bağlı ortaq məxrəc əldə etdiyi ilk görüş deyil. Təxminən iki il bundan əvvəl Türkiyə ilə Rusiya Soçi şəhərində Suriya məsələsində ortaq məxrəcə gələ bilmişdi. Ancaq, göründüyü kimi, həmin razılaşmanın ömrü uzun olmadı. Görəsən Moskvada əldə olunan razılaşmanın ömrü nə qədər olacaq?
Yeganə Hacıyeva: “Yaxın Şərqdə dayanıqlı sülh və stabilliyin əsası Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından asılıdır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında altı saatdan çox davam edən danışıqlarda İdlibdə təhlükəsizlik zonasında vəziyyətin gərginləşməsi, bunu yaradan səbəblər və bu səbəblərin aradan qaldırılmasına hesablanmış addımların atılması nəzərdə tutulub: “Türkiyə və Rusiya Suriyada Astana formatı çərçivəsində əməkdaşlığı davam etdirməyi qərara aldılar və Suriyada ortaq maraqlara qarşı fəaliyyət göstərən terror qruplarına qarşı mübarizənin zəifləməsinə imkan verilməməsi barədə razılığa gəldilər.
Rusiya və Türkiyə İdlibdə gərginliyin aradan qaldırılması üzrə birgə razılaşma əldə ediblər. Öncəliklə bu razılaşmanı gərginliyin azaldılması üçün müvəqqəti profilaktik razılaşdırma adlandıra bilərik və bu razılaşma geniş Soçi və Astana formatından fərqli tərəfi onun ümumi prosesə deyil, İdlibdə gərginliyin azaldılmasına yönəlik addım kimi hesablanmasıdır. Razılaşmaya görə, 6 mart gecə yarısından başlayaraq mövcud təmas xətti boyunca bütün hərbi əməliyyatlar dayandırılır; Rusiya və Türkiyə Suriyada M4 trasından şimala və cənuba doğru altı kilometr genişliyində təhlükəsizlik dəhlizi yaradırlar və martın 15-dən Rusiya və Türkiyə M4 trası boyunca birgə patrul xidmətlərinə başlayacaqlar.
Oxucularımız üçün məlum olsun deyə qeyd edim ki, Suriyada ölkəni qərbdən şərqə və şimaldan cənuba keçən üç əsas beynəlxalq marşrut - M1, M4 və M5 daxil olmaqla yaxşı inkişaf etmiş nəqliyyat şəbəkəsi var. Bu magistrallar Türkiyə, Livan, Avropa, Asiya, Rusiya və Fars körfəzi ölkələrindən Suriyaya və əksinə malların daxil olduğu ticarət-nəqliyyat şəbəkəsidir.
Bu ilin yayından M4 beynəlxalq magistralın bir hissəsinə - İraqla sərhəddə yerləşən Əl-Yarubiyyə keçid məntəqəsindən Suriya dövlətinin nəzarətində olan Latakiyaya qədər olan hissəsi beynəlxalq koalisiyanın dəstəklədiyi Suriya demokratik qüvvələrinin nəzarəti altında idi. Magistralın digər hissəsi isə Türkiyənin tamamilə nəzarətində olan Hələb əyalətindəki Fərat Qalxanı və İdlib əyalətindəki “Hayat Tahrir al-Sham” qrupunun nəzarətində olan ərazidən keçir.
Əldə olunan razılaşmalar nə qədər yerinə yetiriləcək sualına gəlsək, hər iki dövlətin, istər Rusiya, istərsə də Türkiyə Suriyada baş verənlərlə bağlı hər nə qədər fərqli fikirləri və mövqeləri mövcud olsa da, kritik məqamlarda hər iki dövlət ortaq dönüş nöqtəsi əldə etməyə məcburdur. Buna onların Suriyadakı proseslərdəki iştirakı, mövqeyi, məsuliyyəti və öhdəliyi məcbur edir. Hər iki dövlətin bu məsələdə məsuliyyəti və öhdəliyi mövcuddur.
Mövcud reallıqda Suriya və ümumilikdə, Yaxın Şərqdə dayanıqlı sülh və stabilliyin əsası Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından asılıdır. Bunun da yolu proseslərdə kritik gərginliyin yaranacağı halda tərəflər arasında əldə olunacaq razılaşmalardan keçir”.
Məhəmmədəli QƏRİBLİ