Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 3-4-də Gürcüstana rəsmi səfər edib. Paşinyan Baş nazir Georgi Qaxariya, Prezident Salome Zurabişvili, Xarici İşlər naziri David Zalkaliani, Gürcüstan patriarxı II İlya və spiker Arçil Talakvadze ilə görüşüb.
Maraqlı məqam ondan ibarətdir ki, rəsmi səfəri zamanı Tiflisdə ikitərəfli sənədlər imzalanmayıb, razılaşma və ümumi baxışları özündə əks etdirən bəyannamə səsləndirilməyib. Paşinyan bildirib ki, gürcü rəsmiləri ilə nəqliyyat, energetika, telekommunikasiya, təhsil və regional təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflərin ehtiyatlı diplomatik açıqlamaları özünü açıq şəkildə göstərib. İki ölkənin istifadə edilməmiş böyük potensialı olduğunu bəyan edən Paşinyan bu potensiallardan istifadə edilməsini gürcü həmkarına məsləhət görüb. Paşinyana görə, İrəvan və Tiflisdə iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün bir çox imkan mövcuddur. Ancaq o bunun nədən ibarət olduğunu açıqlamayıb.
Bu arada “Qolos Armenii” saytı əvvəlki erməni rəhbərləri kimi, Paşinyanın da gürcülərlə “işbirliyi” ilə bağlı danışıqlarının nəticəsiz qalacağına əmindir. Sayt bununla bağlı yazıb ki, ortada real nəticə yoxdur: “Ermənistanın iqtisadi əməkdaşlıq baxımından Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında körpü rolu oynayacağı barədə artıq 5 ildən artıqdır fikirlər dolaşır. Amma bunun hələ ki, real bir nəticəsi yoxdur. Məhz bu baxımdan Paşinyanın dediklərində elə də bir orijinallıq görünmür”.
Görünən odur ki, Paşinyanın Tiflisdə keçirdiyi görüşlər fikir mübadiləsindən başqa bir şey olmayıb. Hər hansı rəsmi müqavilə və bəyanat imzalanmayıb. Maraqlıdır, bunun səbəbini ekspertlər nə ilə izah edirlər?
“Artıq 5 ildir Ermənistan Gürcüstana hücum etməməklə bağlı üzərinə öhdəlik götürmür”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, ikitərəfli sənədlərin imzalanmamasının kökündə siyasi faktorlar dayanır: “Gürcüstanın Baş naziri Georgi Qaxariya Paşinyanı qəbul edərkən açıq mətnlə bildirdi ki, Gürcüstan üçün Ermənistanla münasibətlərdə əvvəlcə sülh və təhlükəsizlik məsələləridir, sonra iqtisadi əlaqələr və kommunukasiya məsələləri. Bunu Qaxariya Paşinyana açıq şəkildə dedi. Gürcüstanın dövlət rəsmiləri bu vaxta qədər bunu Ermənistan dövlət başçılarına deyiblər. Ancaq belə açıq şəkildə yox. Bu söhbətlər əvvəllər əsasən bağlı qapı arxasında olurdu. Qaxariya isə mətbuatın iştirakı ilə keçirilən görüşdə bunu səsləndirdi. Məsələ ondadır ki, Gürcüstan 5 ildir Ermənistanla hücum etməmək barədə müqavilə imzalamaq istəyir. Ancaq Gürcüstanın səylərinə rəğmən, Ermənistan bu sənədə imza atmır. Artıq 5 ildir Ermənistan Gürcüstana hücum etməməklə bağlı üzərinə öhdəlik götürmür və bununla əlaqədar müqavilə imzalamır. Problem əsasən bununla bağlıdır. Bununla belə, zaman-zaman Cavaxetiya erməniləri Ermənistan tərəfindən qızışdırılır. Ona görə də reallıqda Gürcüstan Ermənistanın qabağına şərt qoyub. Əvvəlcə sülh və təhlükəsizlik məsələlərinin həllini tapaq, sonra isə iqtisadi məsələlərlə bağlı ikitərəfli sazişlər imzalansın. Bununla bağlı Ermənistan güzəştə getmədiyi üçün, tərəflər arasında əlaqələr fikir mübadiləsindən o tərəfə keçmir”.
Vidadi ORDAHALLI