Məlum olduğu kimi, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirib: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”
Tovuz rayonunun icra başçısı cavabında bildirib ki, xəritəni Mədəniyyət Nazirliyi onlara təqdim edib.
Prezident İlham Əliyev xəritənin tərtibatına ciddi iradlarını bildirib: “Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.
Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.
Bu mənzərə həm xəritənin hazırlanmasına məsul olan qurumun səhlənkarlığını üzə çıxarmış olur, həm də həmin xəritəni Prezidentə göstərən icra başçısının tarixi bilgisinin zəif olmasını. Çünki icra başçısı tarixi yaxşı bilsəydi, həmin səhvləri əvvələcədən müəyyən edərdi və səhvlərlə dolu olan xəritəni ölkə başçısına göstərməzdi. Ola bilər ki, icra başçıları hər hansı sahənin gözəl mütəxəssisidir. Ancaq onlar Prezidentin yerlərdəki nümayəndələri olduqları üçün, eyni zamanda, siyasi bir postun daşıyıcıları sayılırlar. Belə şəxslərin mütləq mənada Azərbaycan tarixini dərindən bilməsi çox vacibdir. Hər halda, icra başçıları belə bilgiyə yiyələnsəydilər, biz son mənzərə ilə rastlaşmazdıq. Ümumiyyətlə, icra başçılarının Azərbaycan tarixini mütləq dərindən bilməsi ilə bağlı tələbə ekspertlərin yanaşması necədir?
Qabil Hüseynli: “Millətin, dövlətin adı ilə olan bütün detalları bilmək onların borcudur”
Sabiq dövlət müşaviri Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tutduğu vəzifədən asılı olmayaraq, hər bir vətəndaş öz tarixini dərindən bilməlidir: “Hətta mən deyərdim ki, həmin adam öz ölkəsinin həm də ədəbiyyatı, fəlsəfəsini bilmirsə, ona nə ziyalı demək olar, nə də idarəçi. İcra başçısı, başqa ixtisasın sahibi olmaq o demək deyil ki, sən Azərbaycan dövlətçiliyi tarixini bilməyəsən. Deyilən mənzərədən göründü ki, icra başçısının tarixdən və xəritədən elementar anlayışı belə yoxdur. Belə mükəmməl təhsili, dünyagörüşü olmayan şəxsləri məmur korpusunda görmək adama çox pis təsir edir. Prezident həmin gün icra başçısına bir tarix dərsi verdi. Ona çox incə formada başa salındı ki, asdığı xəritədə şəhərlərimizin adı düzgün yazılmayıb. Urartu yazılıb, amma həmin dövrdə mövcud olan Azərbaycan dövləti haqda zərrə qədər də məlumat verilməyib. Bütün bunlar bir daha sübut edir ki, insanlar mənsub olduqları dövlətin tarixini mütləq bilməlidirlər. Xüsusilə də vəzifə başında olanlar üçün bu, məcburi norma olmalıdır. Ermənilərin dövlətçiliyi olmaya-olmaya, yalan tarix yazırlar. Biz isə olanları yazmağa ərinirik. Urartu dövlətinin Ermənistana heç bir aidiyyəti yoxdur. Tamamilə konqlamerat sayılan, bir çox etnosun yaşadığı dövlət olub, qısa müddət ərzində də dağılıb gedib. Azərbaycanın isə dövlətçilik darixi çox dərindir. Bunu xəritəyə əks etdirmək nə böyük işdir ki? Məncə, icra başçısı orada yalan danışdı. Çünki xəritəni Mədəniyyət Nazirliyi hazırlamır. O tip xəritələrin hazırlanmasına Elmlər Akademiyasının bəzi institutları məsul olur. İcra başçısı tarixi bilik səviyyəsi cəhətdən çox kasad təsir bağışladı. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Lazım gəlsə, kurslar təşkil edib onlara zəruri bilikləri aşılamaq gərəkdir. Millətin, dövlətin adı ilə olan bütün detalları bilmək onların borcudur”.
Məhəmmədəli QƏRİBLİ