Roma Papası İkinci Dünya Müharibəsinə dair məxfi arxiv materiallarını açmağa qərar verib. Artıq tarixçilər 1939-58-ci illərdə Papa olmuş XII Piyin arxiv sənədləri ilə tanış ola bilərlər. XII Piyin müharibə zamanı fəaliyyəti barədə birmənalı fikir yoxdur. Bu barədə qərarı Roma Papası Fransisk şəxsən qəbul edib. Papa bildirib ki, XII Piyin İkinci Dünya Müharibəsi zamanı fəaliyyət dövrü “20-ci əsrin ən kədərli və qaranlıq anlarındandır”.
Bununla Fransisk XII Piyin ünvanına tənqdilər səsləndirən tarixçilərin çoxsaylı müzakirəsinə işarə edib.
Vatikan arxivləri açmaqla nəyə nail olmaq istəyir və bunun nə kimi təsirləri ola bilər?
Cəbrayıl Hüseynoğlu: “XII Piyin hakimiyyəti, ümumiyyətlə, olduqca ağrılı və qəliz bir dövrə təsadüf edib”
İlahiyyatçı Cəbrayıl Hüseynoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vatikan 2-ci Dünya Müharibəsi dövrünün arxivlərini martın 9-da açmağa qərar verib: “İddialara görə, həmin vaxt Katolik Kilsəsinin başçısı olmuş Papa XII Piyin Holokost dəhşətlərinə göz yumduğuna dair şübhələr olduğundan, bu arxivlər indiyədək gizli saxlanırdı.
Bəzən "Hitler Papası" da adlandırılan XII Piy 1939-1958-ci illərdə Müqəddəs Taxtda olub. Bəzi tarixçilər iddia edirlər ki, Papa nasistlər tərəfindən yəhudilərə qarşı qırğınlar törədildiyi barədə bilirdi, amma buna qarşı heç nə etməyib. Vatikan isə, əksinə, XII Piyin yəhudiləri xilas etmək üçün fəal iş apardığını israr edir.
Arxiv sənədləri işlərin həqiqi vəziyyətini aydınlaşdırmağa kömək edəcək. Onları araşdırmaq üçün çoxlu sayda elm adamı bu işə cəlb olunacaq. Bildirilir ki, İkinci Dünya Müharibəsi dövrünü əhatə edən sənədlər milyonlarla səhifəyə malikdir. Papa XII Piy Katolik Kilsəsinin son tarixindəki ən mübahisəli şəxslərdən biri kimi tanınır. Elm adamlarının onun yəhudilərin kütləvi qırğınları ilə bağlı susqunluğa yol verdiyi barədə fərziyyələri doğrulsa, bu, kilsənin nüfuzunu daha da aşağı sala bilər. Ancaq hazırkı Roma Papası Fransisk kilsənin tarix ilə üz-üzə qalmaqdan qorxmadığını deyərək arxiv sənədlərinin açılmasına qərar verdi”.
Onun sözlərinə görə, XII Piyin hakimiyyəti, ümumiyyətlə, olduqca ağrılı və qəliz bir dövrə təsadüf edib. “Qalmaqalda adı hallanan Papanı müdafiə edənlər də az deyil. Onların qənaətincə, Piy 1942-ci ildə etdiyi radiomüraciətlərdən birində 100 minlərlə insanın milli kimliyinə görə kütləvi qətlə yetirildiyini deyib və həmin əməlləri pisləyib. XII Piyi müdafiə edənlər həm də bu qənaətə gəlirlər ki, Papa keçmiş diplomat olduğu üçün, bəzi manevrlər edib. Bunun da kökündə neytraliteti saxlayıb, kilsəni xilas etmək niyyəti durub. Hətta iddia olunur ki, məhz həmin Papanın göstərişi əsasında kilsə 4 min yəhudini öz binalarında faşistlərdən gizlədib, qorumağa nail olub. Müdafiəçilərin fikrincə, XII Piy həmin vaxtın tələbinə görə bundan artıq nəsə edə bilməzdi. İstənilən halda, Katolik Kilsə ilə bağlı qaranlıq sayılan bu tarixə ən doğru qiyməti tarixi faktlar verəcək. Kilsə arxivlərin açılmasını da buna görə edib ki, Piy barədə fərziyyələrlə deyil, konkret faktlar əsasında danışsınlar. Düşünürəm ki, bununla həm kilsə ittihamlardan uzaq olacaq, həm də tarixin ən maraqlı səhifələrindən birinə aydınlıq gətiriləcək. Katolik Kilsə bu qərarı təsadüfən verməyib. Çox güman ki, arxivlərin açılmasının kilsənin xeyrinə olacağını bildikləri üçün belə qərarı veriblər”.
Məhəmmədəli QƏRİBLİ