“Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir”. Bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, icra başçılarının əsas işi rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, həm də rayonlara sərmayənin gətirilməsinə nail olmaqdan ibarətdir: “Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır”.
O da məlumdur ki, bundan əvvəl də ölkə başçısı rayon icra hakimiyyəti başçılarına xarici investisiyanın cəlbi ilə bağlı göstəriş vermişdi. Təəssüflər olsun ki, bu sahədə əsaslı irəliləyişə nail olunmayıb. Bunun əsas səbəbi bir sıra icra başçılarının sərmayələrin cəlbi ilə bağlı yetərincə təşəbbüs göstərməməsidir. Elələri var ki, hansısa maraqlarına görə sərmayədarlar üçün cəlbedici şərait yaratmırlar. Görünən odur ki, bu sahədə hələ xeyli görüləsi iş var.
Maraqlıdır, icra başçıları rayonlara niyə sərmayə cəlb edə bilmirlər?
“Sahibkarları kənarlaşdırıb, bütün gəlir mənbələrini öz yaxınlarının adına keçirərək, qeyri-rəsmi bizneslə məşğul olurlar”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, bir sıra icra başçıları xarici investisiyanın cəlbini bacarmırlar: “Problem ondadır ki, bir sıra icra başçılarının bununla bağlı bacarığı yoxdur. O səbəbdən müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. Eləsi var ki, investisiya haqqında düz-əməlli anlayışı belə yoxdur. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyev son dövrdə belə kadrları vəzifədən kənarlaşdırır. Hesab edirəm ki, işinin öhdəsindən gələ bilməyən icra başçıları vəzifələri ilə vidalaşmalıdırlar. Daha bacarıqlı kadrlara önəm verilməlidir. İnvestisiya cəlb etməkdən ötrü icra başçısı, birincisi, rayonda bunun üçün mühit yaratmalıdır. Başlıca şərt budur. İcra başçıları bunu etmək əvəzinə, özlərini rayonun “xozeyni” kimi aparırlar. Hansı ki, bu belə olmamalıdır. İcra başçısı dövlət məmuru olaraq rayona can yandırmalıdır. Hər bir sahibkara şərait yaradılmalıdır ki, o, sərmayə qoymaqda maraqlı olsun. Çox təəssüflər olsun ki, icra hakimiyyəti orqanları bunu etmək istəmirlər. Əksinə, sahibkarları kənarlaşdırıb, bütün gəlir mənbələrini öz yaxınlarının adına keçirərək, qeyri-rəsmi bizneslə məşğul olurlar. Belə icra başçıları da zaman-zaman vəzifəsindən kənarlaşdırılır. Hesab edirəm ki, bu kimi problemlər birdəfəlik aradan qalxmadan, sözügedən sahədə çətinliklər olacaq”.
Vidadi ORDAHALLI