Məlum olduğu kimi, bir müddət əvvəl Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib.
Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin verdiyi məlumata görə, Mehriban Sadıqova qurumun çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcəklər. Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən M.Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.
Bu təşkilat yarandığı gündən daxili intriqalarla məşğul olub. Azərbaycan diasporunun inkişafı ilə məşğul olmaq əvəzinə, məşğul olduqları təşkilat daxilindəki intriqalar qurumu daha da nüfuzdan salıb. Bu təşkilat daha çox Rusiya hakimiyyəti ilə yaxın münasibətləri olan Söyün Sadıqovun nəzarətində olub. Bildirilir ki, M.Sadıqovanı da həmin təşkilata məhz S.Sadıqov gətirib. Onların soyadları eyni olsa da, qohum olmadıqları deyilir. Mediada yazılanlardan məlum olur ki, S.Sadıqovun “AzerRos”da rəhbərliyi dönəmində onun katibəsi işləyib. Sonra təşkilata Abbas Abbasov ayaq açmağa başladı. Varlığı ilə ölü sayılan qurum rəsmən Putinin yanında Millətlərarası Komitədə təmsil olunurdu. Həmin vaxtlar Sadıqovun yanında tanınmış və nüfuzlu heç kim olmadığı üçün, M.Sadıqova “AzerRos”un qurultaylarından birində S.Sadıqovun dəstəyilə vitse-prezident vəzifəsinə gətirildi. M.Sadıqovanın namizədliyi elan olunanda gərginlik yaşanıb. Bir sıra region diaspor liderləri - Yekaterinburq, Nijniy Novqorod, Sankt-Peterburq, Tver, İvanovo, Kaluqadan gəlmiş diaspor rəhbərləri iclas zalını nümayişkaranə tərk etmişdilər. Hətta «AzerRos»a qoşulmaq istəyən və iclasa bunun üçün gəlmiş bir qrup şəxs də narazılıq edib. O vaxt narazılarla danışıqları şəxsən Abbasov özü aparıb. İki saatlıq fasilədən sonra iclas davam etdirilib. Federasiya Şurasının üzvləri M.Sadıqovanı Şuranın sədri postuna seçməyə razılaşıblar. Bundan sonra da təşkilat daxilində qalmaqallar səngiməyib. M.Sadıqovanın sədrliyi dönəmində verdiyi bir açıqlamaya diqqət edək: “Ağsaqqallar Şurasının sədri Abbas Abbasov “AzerRos” ətrafında baş verən hadisələri pisləyir. Bizim prezident Asif Məhərrəmov dekabr ayının sonunda öz ərizəsi ilə istefa verib. Ona görə də Abbas Abbasov qurultay keçirmək, qanuni yolla prezident seçilməsini istəyirdi. Təəssüflər olsun ki, şuranın bəzi üzvlərinin öz məqsədləri var. Məqsədlərindən başa düşmək olar ki, onlar bunu qəsdən edirlər. Onlar konkret olaraq “AzerRos”u dağıtmaq istəyirlər. Əlbəttə, qanuni yolla qurultay olacaq və prezident, şuranın sədri seçiləcək. “AzerRos”un parçalanması üçün Tahir Hacıyev, Qalib Ağayev, Söyün Sadıqov, Mehriban Abdullayeva, Elçin İbrahimovdan ibarət təşkilat komitəsi yaradılıb. Onlar başqalarını aldadaraq ora yığıblar. “AzerRos”u parçalamaq istəyən əsasən onlardır. Onlar başa düşmürlər ki, etdikləri hərəkət bizim nizamnamənin əleyhinədir. Təbii ki, onlar bunu çox gözəl başa düşürlər. Əgər başa düşə-düşə hərəkət edirlərsə, bunu yalnız “AzerRos”u dağıtmaq cəhdi kimi qiymətləndirmək olar”.
Onsuz da şikəst olan “AzerRos” M.Sadıqovanı istefaya göndərməklə indi də başsız qalıb. Qurumun gələcək taleyi necə müəyyənləşə bilər?
Şakir Habiloğlu: “Seçiləcək yeni sədr sərt addımlar atmasa, onu da sələflərinin taleyi gözləyəcək”
Rusdilli “Novoe vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən qurum federal səviyyədə Azərbaycanı təmsil edən yeganə təşkilatdır: “Bu təşkilatın sədri Rusiyanın siyasi həyatında hər zaman diqqət mərkəzində olur. Orada ali hakimiyyət səviyyəsində təmsilçilik haqqı olan millətlər birliyi fəaliyyət göstərir. Həmin təşkilatın sədri həm də Rusiya Prezidentinin milli azlıqlar üzrə nümayəndəsi sayılır. Razıyam ki, təşkilatın taleyi qalmaqallarla dolu olub. Ona rəhbərlik etmiş heç bir şəxs Azərbaycanın real diasporunu öz ətrafında birləşdirə bilmədi. Aprel ayında qurumun qurultayı olacaq. Ümid edək ki, ora seçiləcək yeni sədr tam fərqli adam olacaq. Bu şəxs bizim daha çox soydaşımızın yaşadığı Rusiyada diaspor sahəsində əməli iş görməlidir. Bizim orada sıx birləşməyimizə ehtiyac var. Elə bir adam olmalıdır ki, həm Rusiyanın ictimai-siyasi həyatında fəal olsun, həm də lazımi anda Azərbaycanın maraqlarını müdafiə etsin. Bizim soydaşlarımız arasında bu parametrlərə cavab verənlər çoxdur. Tam təsdiqlənəndən sonra görəcəyik ki, iş görmək olar. Qurumun idarə heyəti tam dəyişilməlidir. Seçiləcək yeni sədr sərt addımlar atmasa, onu da sələflərinin taleyi gözləyəcək”.
Məhəmmədəli QƏRİBLİ