Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib. “Trend”in məlumatına görə, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.
Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir: “Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.
S.Mirzəyev əlavə edib ki, Milli Məclisdə hələ bir çox qəbul edilməmiş sənədlər qalır: “Yəqin ki, o sənədləri ilk növbədə müzakirəyə çıxaracağıq. Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanun layihələri gələcək. Ölkədə keçirilən iqtisadi-sosial islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”.
Aparat rəhbəri vurğulayıb ki, Milli Məclisin yaz sessiyası, qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.