Qardaş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi, beynəlxalq ictimaiyyəti bu istiqamətdə müvafiq addımlar atmağa çağırması işğalçı Ermənistanda getdikcə daha böyük narahatlıq yaratmaqdadır. Xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə son görüşündən sonra bu məsələ hələ də aktual şəkildə Ermənistanda müzakirə olunur.
Həmin görüşdə isə Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll edilməlidir. Görüşdən müəyyən müddət keçsə də, məsələ hələ də Ermənistanda əsas müzakirə mövzularıdan birini təşkil edir. Erməni tərəfinin əsas qorxusu Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərdən biri kimi iştirak edə biləcəyidir. Məsələ Ermənistan parlamentində yenidən müzakirəyə çıxarılıb. Erməni deputat Taron Simonyan bu xüsusda xarici işlər naziri Zohrab Mnatsakanyana növbəti dəfə sual ünvanlayıb. Mnatsakanyan bu məsələdə erməni tərəfinin narahatlığına indiki halda ciddi əsas olmadığını iddia edir. Onun sözlərinə görə, həmsədrlərin Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılımış xarakter daşıyıb və Türkiyə Qarabağ konfliktinin həllində iştirak etməyəcək: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin öz iş planı var. Bura, zərurət yarandıqda, ATƏT-ə üzv ölkələrlə görüş də daxildir. Biz həmsədrlərə tam etimad edirik. Ola bilər Türkiyə tərəfindən fərqli şərhlər olub və əslində, həmin şərhlərdə hansısa yenilik də yoxdur. Türkiyə əvvəlki mövqeyini təkrar edib. Türkiyə Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hansısa rol oynaya bilməz".
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan da bildirir ki, Ankaranın Bakıya birmənalı şəkildə siyasi, hərbi və digər dəstəyi fonunda Türkiyənin Qarabağ məsələsinin həllində iştirakı İrəvan üçün qəbuledilməzdir. Qeyd edək ki, Mövlud Çavuşoğlunun Minsk Qrupunun həmsədrləri ilə görüşü Ermənistan cəmiyyətində də ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə paylaşdıqları şərhləri ilə ermənilər Türkiyənin danışıqlar prosesinə müdaxilə etdiyi iddiasını ortaya atıblar. Amma məsələ burasındadır ki, indiki halda Ermənistan rəsmiləri və cəmiyyətinin mövqeyinin özü cəfəngdir. Xatırladaq ki. daha əvvəl məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan, əslində belə bir absurd mövqeyi ilə özünü kifayət qədər gülünc vəziyyətə qoyur: "Göründüyü kimi, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir. Dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi. Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil”.
“Vahid Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan isə qeyd edir ki, yaranmış durumda Azərbaycan və Türkiyə Ermənistanla müqayisədə daha güclü mövqe sahibidir və tədricən də istəklərinə nail olurlar: “Azərbaycan və Türkiyə daim Türkiyənin Qarabağ münaqişəsinin nizama salınması prosesində daha aktiv rol oynaması məsələsində səy və resursunu əsirgəməyib”. O, xüsusilə qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyənin xarici işlər naziri ilə görüşünü erməni diplomatiyasının ciddi uğursuzluğu hesab edir:“Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan və Türkiyə daim Türkiyənin Qarabağ münaqişəsinin nizama salınması prosesində daha aktiv rol oynaması məsələsində səy və resursunu əsirgəməyib. Suriyanın şimalında vəziyyətin gərginliyi fonunda Türkiyə geosiyasi proseslərdə regional iştirakını genişləndirərək Qarabağı Yaxın Şərq dolaşığının tənzimlənməsi gündəminə daxil etməyə çalışır. Bundan əvvəl Ərdoğan Bakıda Əliyevlə görüşmüşdü və Qarabağ problemi də ikitərəfli gündəmdən kənarda qalmamışdı. Bizi çox çətin zamanlar gözləyir”.
Xatırladaq ki, Ermənistanda İdlibdə baş verən proseslərin son nəticəsinin Dağlıq Qarabağda yekunlaşa biləcəyinə dair böyük narahatlıq mövcuddur. Elə bu günlərdə “Lragir” saytı yazırdı ki, Türkiyə İdlibdə Rusiya ilə razılaşsa, əvəzində Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər:“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. İstisna deyil ki, Ankara İdlibdə Rusiya ilə razılaşmağın əvəzində Moskvadan Qarabağın Azərbaycana qaytarılmasını istəyə bilər. Türkiyə və Azərbaycan arasında fəaliyyətlərin hansısa koordinasiyası həyata keçirilib, Bakıda Ankara ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər”. Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan da Mövlud Çavuşoğlu ilə Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həllinə yönəlmiş görüşünü ölkəsi üçün yerinə və zamanına uyğun hesab etmir: “Suriya ətrafında gərginləşmiş rus-türk münasibətləri fonunda Minsk Qrupunun həmsədrləri Türkiyənin Qarabağ münaqişəsi ilə bağlı fikrini ötürməli olan Türkiyənin xarici işlər naziri ilə görüşürlər. Düzünü desəm, yerinə və zamanına uyğun hesab etmirəm, üstəlik, şübhəm yoxdur ki, rəsmi İrəvanın cavabı, qismən də olsa, daha sərt olmalıdır. Amma təhlükəli məqam Ankaranın Qarabağ məsəlsinin həllinə daha fəal cəlb olunmasıdır”. Qriqoryanın sözlərinə görə, beynəlxalq ictimaiyyət birmənalı olaraq Ermənistanın bu görüşlə bağlı narazılığını bilməlidir. Amma o etiraf edir ki, indiki halda bunun İrəvan üçün effekti yoxdur. Çünki Türkiyə dünya üçün daha mühüm önəm kəsb edən ölkədir. Rus siyasi analitik Fyodor Lukyanov da Suriyanın İdlib bölgəsində son həftələrdə inkişaf edən hadisələr və onların Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsirinə toxunarkən bildirib ki, Ankara prosesdə fəal rol ala bilər:“Bu, Ankara və Moskvanın razılığından xeyli dərəcədə asılı olan məsələdir. Dağlıq Qarabağ münaqişəsi zonasında hər zaman müharibənin yenidən başlaması təhlükəsi olsa da, münaqişə tərəflərinə qarşı təsirə sahib olan xarici aktorların bu gün Yaxın Şərqdə təsəvvür edilməsi çətin olan böyük problemləri var. Xüsusilə sərhəddəki bu münaqişə halında hər zaman atışmalar olduğu məqamda müharibə ən gözlənilməz anda alovlana bilər, lakin hesab edirəm, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi eskalasiya, xüsusilə bu mərhələdə, həm Rusiya, həm də Türkiyə üçün olduqca arzuolunmaz inkişafdır. Məhz bu səbəbdən Türkiyə və Rusiya bu məsələ ətrafında müəyyən razılığa gələ bilərlər. Elə Ermənistanı da qorxudan budur”. O qeyd edib ki, Türkiyə Qarabağ probleminin həllində sona kimi Azərbaycanın yanında olacaq. Yəni Azərbaycanın işğal altındakı torpaqları qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək.
Digər ekspertlər də hesab edir ki, Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu var. Hesab edilir ki, Ankranın daha yaxından Qarabağ məsələsinin çözümündə iştrakı, əslində, Ermənistanın özünün də maraq dairəsində olmalıdır. Burada nəzərə almaq lazımdır ki, Türkiyəyə yönəlik düşmənçilik siyasətini davam etdirməsinə baxmayaraq, Ankara hər zaman Ermənistanla münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlıdır. Amma bunun üçün əsas şərt zəbt edilmiş Azərbaycan ərazilərinin azad olunmasıdır. Digər tərəfdən, Ermənistan Türkiyə ilə münasibətlərini qaydaya salaraq iqtisadi, siyasi, sosial və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edə bilər. Bunu Ankara özü də dfələrlə İrəvana xatırladıb.
Digər tərəfdən, regiona böyük təsir imkanına malik Moskva da daha əvvəl belə fikirlər səsləndirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər. Elə bu fonda Rusiya Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində, o cümlədən, regionda normal qarşılıqlı istisadi münasibətlərin bərqərar olunmasını təmin etməklə, prosesdə müsbət rol oynaya biləcəyini vacib faktor kimi hər zaman nəzərə aldığını bəyan edir. Lakin Krem onu da etiraf edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır. Məhz bu durumda Rusiyanın Qarabağ məsələsi üzərində Türkiyə ilə razılığa gələ bilmə ehtimalı yüksək qiymətləndirilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.