2016-cı ilin məşhur aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində bu məsələ Ermənistanda yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Amma bu dəfə məsələnin siyasi çalarları da özünü qabarıq şəkildə büruzə verir.
Məlum olduğu kimi, artıq bir ildir ki, Ermənistan parlamentində aprel döyüşlərini araşdıran istintaq komissiyası fəaliyyət göstərir. Bu bir il ərzində çoxlu sayda hərbçi, yüksək vəzifəli keçmiş və indiki rəsmilər komissiyaya dəvət olunub, komissiyanı maraqlandıran suallara cavab veriblər. İndi yayılan məlumata görə, aprelin əvvəllərinə qədər Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı komissiyaya çağırmaq, təbii olaraq qapalı müzakirə aparmaq planlaşdırılır. Diqqəti çəkən məqam budur ki, səlahiyyətlilər Serj Sarkisyanı məhz aprel ayının əvvəllərində istintaq komissiyasına çağırmağı planlaşdırırlar. Hesab edilir ki, döyüşlərin ildönümü ərəfəsində Sarksiyanın istinata çağırılması təsadüfi deyil və ilk növbədə ona psixoloji təzyiq göstərməyə hesablanıb. Erməni mediası yazır ki, Sarksiyanla bağlı tarixin seçilmə göstərişi baş nazir Nikol Paşinyandan gəlib. Xatırladaq ki, əvvəlki iclaslardan birinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan çağırılıb. İşğal altında olan Qarabağda dislokasiya olunmuş qanunsuz “hərbi birləşmə”nin komandiri Levon Mnatsakanyanın dəvət olunması məsələsi də müzakirə olunur. Digər tərəfdən, istintaq komissiyası Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturova “dindirilmə” bildirişi göndərib. Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Paşinyan aprel döyüşlərinin istintaqı ilə özünə təhlükə saydığı “Qarabağ klanı”nı tam şəkildə sıradan çıxarmaq istəyir:“Hazırda bu klanın azadlıqda olan əsas təmsilçisi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır. Amma ona qarşı da Paşinyanın planları hazırdır, sabiq prezident 2016-cı ilin aprel müharibəsinin səbəblərini araşdıran parlament komissiyasında dindiriləcək”. Nəşr sözügedən komissiyanın Nikol Paşinyan hökumətinin keçmiş siyasi elitanın nümayəndələrinə qarşı mübarizəsi məqsədilə qurulduğunu vurğulayır. Qeyd olunur ki, Paşinyanı 2016-cı il aprel ayında baş verən döyüşlərdə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə məğlubiyyətindən daha çox, keçmiş hakimiyyəti zərərsizləşdirmək cəhdi məşğul edir: “2016-cı ilin aprel müharibəsindəki məğlubiyyətin səbəblərini araşdıran parlament komissiyası 2019-cu ilin may ayında qurulub. Bununla birlikdə ictimaiyyətin bu komissiyanın fəaliyyətinə münasibəti birmənalı deyil. Cəmiyyət məğlubiyyətin əsl səbəblərini bilmək istəyir, lakin aradan keçən dörd il ərzində əsl səbəblər israrla gizlədilir.
Digər tərəfdən, komissiyanın fəaliyyətinin siyasi kontekstdə olduğuna inananlar çoxdur, bu müddət ərzində komissiya bir çox keçmiş rəsmiləri dindirməyə çağırıb və bu günlərdə çağırılacaq adlar da məlumdur. Artıq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın da bu kontekstdə dindiriləcəyi bəlli olub. Sarkisyan fakt qarşısında qoyulacaq: erməni ordusu niyə Azərbaycana məğlub oldu? Bu faktlar əsasında Sarksiyanı həbsə göndərmək Paşinyan üçün daha asandır”. Lakin diqqət həm də ona yönəlir ki, Sarksiyanın həbsi Rusiyanın Paşinyana qarşı daha sərt mövqe sərgiləməsi ilə nəticələnəcək. Çünki Rusiya Robert Köçəryanın ardınca digər adamı olan Serj Sarksiyanın da həbsə atılması ilə razılaşmaq istəmir. Elə “Kommersant” qəzeti də yazır ki, indinin özündə də Robert Köçəryana qarşı açılan cinayət işi Rusiya-Ermənistan münasibətlərində əsas qıcıqlandırıcı məqamdır: “Robert Köçəryana münasibətdə açılan iş Ermənistanın daxili işi deyil. Moskva Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətləri olan Köçəryanla bağlı prosesi diqqətlə izləyir”. “Kommersant”ın Kremldəki etibarlı mənbələrindən biri Rusiya tərəfinin Köçəryana qarşı prosesi siyasi hesab etdiyini deyib. Mənbə Moskvanın bununla bağlı mövqeyini Ermənistan hökumətinə dəfələrlə çatdırdığını bildirib. Belə ki, o, yaxın gələcəkdə Köçəryan məsələsi həll edilməyəcəyi təqdirdə bunun Rusiya-Ermənistan ikitərəfli münasibətlərində aktual məsələyə çevriləcəyini söyləyib. Üstəlik o da vurğulanıb ki, Sarksiyanın belə vəziyyətdə həbsə atılması Moskvanı daha çox qəzəbləndirəcək.
Beləliklə, qeyd edilənlər göstərir ki, aprel döyüşlərinin növbəti ildönümü də Ermənistan üçün sakit məcrada keçməyəcək. Rusiyanın “Hərbi Sənaye Kuryer” qəzeti də yazır ki, indiki durumda Ermənistan mürəkkəb vəziyyətdədir. Bunun ardınca Moskva ilə münasibətlərin pisləşməsi isə İrəvanın durumunu daha da ağırlaşdıracaq:“O, qonşularından yalnız biriylə hansısa münasibətə malikdir. Bunun ardınca Rusiyanın qəzəbini üzərinə çəkmək İrəvanı daha çətin vəziyyətə sala bilər“. Qəzet, həmçinin, 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun 14 T-72 tankı, Azərbaycanın isə 1 T-72 tankı və 1 Mi-24 helikopteri itirdiyini bildirib. 2017-ci ilin mayında isə Azərbaycanın İsrail istehsalı kamikadze PUA-lar vasitəsilə Ermənistanın “Osa” zenit raket kompleksini məhv etdiyi vurğulanıb.
Nahid SALAYEV