Suriya Prezidenti Bəşər Əsəd Türkiyəyə yönəlik yalvarış tonunda bir müraciət edib. O, "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, Suriya Türkiyəyə qarşı heç bir addım atmayıb:
"Suriyanın Türkiyəyə qarşı hansı böyük və ya kiçik addımından söhbət gedir? Belə bir şey yoxdur. Suriya-Türkiyə nikahları var, ailələr var, həyati əhəmiyyətə malik ümumi maraqlar var. Bu mədəniyyətlərin qarşılıqlı əlaqəsi tarixə bağlıdır. Ona görə də bizimlə onlar arasında ciddi fikir ayrılıqlarının olmasını demək məntiqsizlikdir".
Göründüyü kimi, Əsəd, faktiki olaraq, Ərdoğandan imdad diləyir. Onun bu müraciətinə Ərdoğanın cavabı necə olacaq?
Qeyd edək ki, biz materialı hazırlayan ana qədər Rəcəb Tayyib Ərdoğan Əsədin müraciətinə cavab verməmişdi.
Elşən Mustafayev: “Ya cavab verməyəcək, cavab versə də, Əsədin etdiklərini ona xatırladıb, qeyri-səmimiliyini nəzərinə çatdıracaq”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ərdoğanın konkret nə cavab verəcəyini proqnozlaşdırmaq olmaz: “Ancaq Ərdoğanın belə məzmunda cavab vermək haqqı var və bunu gözləmək olar. Deyə bilər ki, Əsəd səmimi görünmür. Bu səmimiyyəti Türkiyəyə qarşı planlar hazırlananda nümayiş etdirə bilərdi. Ancaq etmədi. Türkiyə isə Əsədin dediyi telləri, bağları qorumağa çalışdı. Milyonlarla suriyalıya vətən kimi qucaq açdı. Suriya məsələsi Türkiyənin birbaşa milli təhlükəsizliyi ilə bağlıdır. Türkiyənin də atdığı addımların kökündə bu amil durur. Bu mənada, Türkiyənin geri addım atmayacağı başadüşüləndir. Türkiyənin fevralın 27-dən başlatdığı “Bahar qalxanı” əməliyyatı Əsəd rejiminə böyük zərbə vurub. Suriya ordusu çox ciddi itkilər verib. Əsədi bu tonu seçməyə vadar edən səbəb budur. Bu gün Suriyanın Türkiyə ilə başa-baş hərbi əməliyyat aparmaq potensialı yoxdur. Bəlli oldu ki, Əsəd bu məsələdə aldadıldı. Hazırda Əsədə dəstək verən qüvvələr Türkiyə ilə üz-üzə gəlmək istəmirlər.
Tehran Əsədə lazımi dəstəyi verə bilmir, çünki bu gün İranın özündə də kifayət qədər problem var. İran özü həm koronavirus, həm də siyasi proseslər səbəbilə diqqətini Suriyadan çəkib. Rusiyanın da orada müharibə aparmaq niyyətinin olmadığı üzə çıxır. Belə olan təqdirdə, Ərdoğan Əsədə eyni məzmunda qarşılıq verməyəcək. Ya cavab verməyəcək, cavab versə də, Əsədin etdiklərini ona xatırladıb, qeyri-səmimiliyini nəzərinə çatdıracaq. Düşünürəm ki, Ərdoğandan bu mövqeni gözləməyə dəyər. Çünki Əsəd Türkiyəyə başqalarının əlilə zərbə vurdu. Türkiyə çoxlu sayda şəhid verdi. İndi isə Əsəd meydanda tək qalıb. Bu “səmimiyyətə” inanmağa dəyməz. Bunu düşünən lider belə haqsızlıqları etməzdi”.
Məhəmmədəli QƏRİBLİ