Konstitusiya Məhkəməsi 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq edib. Bununla da yeni seçilən deputatların üzvlüyü ilə Milli Məclisin tərkibi təsdiq edilib. Ancaq qəribədir ki, bəzi partiyalar və seçkidə iştirak edən namizədlər bu reallıqla barışmayaraq utopik ideyalarla çıxış edirlər.
Belə ki, seçkinin nəticələrindən narazı qalan bir sıra siyasi partiyalar və özlərini seçkinin qalibi hesab edən bəzi keçmiş bitərəf namizədlər “Xalq Parlamenti”nin yaradılması ideyası ətrafında birləşirlər. Hətta iddia edirlər ki, guya bu təşəbbüsə qoşulanların sayı iki yüzdən artıqdır.
Martın 3-də bir qrup deputatlığa keçmiş namizəd “Hüquq Maarifçiliyi Evi”ndə toplantı keçirib. Toplantı 9 fevral parlament seçkilərində namizəd olmuş şəxslərdən ibarət simvolik “Xalq Parlamenti” yaradılmasına hazırlığa həsr olunub. İdeyanı dəstəkləyən siyasi partiyalr VİP, ADP, “Ağ Partiya” və Böyük Azərbaycan Partiyasıdır. Sözügedən partiya rəhbərləri bir araya gəlib müzakirələr keçiriblər.
Bütün bunlar onu göstərir ki, bəzi siyasilər 90-cı illərin təsirindən hələ də çıxa bilmirlər. İndiki vaxtda siyasi romanikanı bu yolla yenidən dirçəltmək istəyirlər. Hansı ki, bunun vaxtı çoxdan ötüb. O baxımdan belə təşəbbüslərlə çıxış etmək nə dərəcədə doğrudur?
Məhərrəm Zülfüqarlı: “İndiki dövrdə bu kimi təşəbbüslərin perspektivi yoxdur”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, indiki dövrdə bu kimi təşəbbüslərin perspektivi yoxdur: “Düzdür, seçkinin nəticələri ilə razılaşmamaq hər bir namizədin konstitusion hüququdur. Bəziləri bununla bağlı öz şikayətlərini MSK-ya bildirib. Şikayətlərin bəzilərinə baxıldı və iradlar qəbul edildi. Digər hissəsi isə qəbul edilmədi. Bəzi namizədlər bununla razı deyil və məhkəməyə müraciət edəcəyini bildiriblər”.
Seyid Camal Əzimbəyli: “Bu, ucuz siyasi romantikadan başqa bir şey deyil”
Şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, bu, ucuz siyasi romantikadan başqa bir şey deyil: “Müasir dövrdə belə ideyaları reallaşdırmaq mümkün deyil. Kimlərsə fikirləşir ki, bununla nəyəsə nail olacaq, tamamilə yanılır. Belə ideyaların vaxtı çoxdan keçib. Bununla nəyəsə nail ola bilməyəcəklər. Əksinə, özlərini daha da gülünc vəziyyətə qoyacaqlar. Ona görə də bunun perspektivi iflasa məhkumdur”.
Vidadi ORDAHALLI