Gürcüstandakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan özüylə İsa Məsih arasında paralellər aparıb. O özünü İsa Məsihlə eyniləşdirib. Belə ki, Paşinyan özünün kadr siyasəti barədə danışarkən səhvdən sığortalanmadığını söyləyib.
O bunu belə əsaslandırmağa çalışıb: “Mən hakimiyyətimizdə, xüsusilə də hüquq-mühafizə orqanlarında olan və bəlkə də olacaq xəyanət və xainlər haqqında danışacağam. Bu mövzu barədə düşünəndə köməyimə Bibliya çatır. Hətta İsa Məsihin seçdiyi kadrlar arasında xainlər olub. Əgər hətta İsa Məsih kadr siyasətini xəyanət olmadan apara bilmirsə, o zaman hansısa baş nazir və ya konkret mənim belə siyasət apara biləcəyimi düşünmək təkəbbürlülük olardı”.
Bu arada Paşinyanın özünü İsa Məsihlə eyniləşdirməsinə Ermənistanın məşhur “Qraparak” qəzeti ritorik sualla münasibət bildirib: “Maraqlıdır, bəs İsa Məsih və Bibliya naşı hakimiyyət və pis idarəetmə ilə bağlı nə deyirlər?”.
Göründüyü kimi, Paşinyan növbəti populist açıqlaması ilə bir daha özünü ictimaiyyət qarşısında gülünc duruma salıb. Sanki hakimiyyətə gələndən çox ciddi islahatlar həyata keçirib. Hansı ki, ötən qısa müddət ərzində Paşinyanın bacarıqsız bir siyasətçi olması reallığı ortaya çıxdı. Məlum oldu ki, onun səsləndirdiyi vədlər real əsaslara söykənmir. Çünki Paşinyan idarəçilik təcrübəsinə malik olmayan personadır.
“Paşinyan bu sayaq açıqlamaları ilə, bütövlükdə, erməni kilsəsinə demək istəyir ki, katolikos da mənəm”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Baş naziri N.Paşinyan ölkəsində küçə etirazları nəticəsində hakimiyyətə gəldikdən sonra onun bir sıra davranışlarında psixi problemlərin olduğu meydana çıxdı: “Onun özünə vurğunluğu, populist vədləri və Ermənistan əhalisinə reallaşdırılması mümkün olmayan vədlər verməsi psixoloqların bu nəticəyə gəlməsinə səbəb olub. Onun Gürcüstana səfərində erməni icması qarşısında dedikləri bir daha bunu təsdiq edir. Adam özünü İsa peyğəmbərlə müqayisə edərək Ermənistan üçün əvəzedilməz olduğunu göstərir. Belə görünür ki, Baş nazirin psixi durumu yerində deyil. Hesab edirəm ki, o belə bir davranışla ölkəsində daha çox gülüş obyekti olacaq. Məhz erməni xalqı onun nə deməyində maraqlı deyil. Onun verdiyi sözlərin, əməlinin reallaşdırılmasında maraqlıdır. İki ildir Paşinyan hakimiyyəti qəsb edib. Ötən iki il ərzində Ermənistanda müsbətə doğru irəliləyişlər olmayıb. Ölkə, faktiki olaraq, yerində sayır. İndi erməniləri o düşündürür ki, inqilab bizə nə verdi? Hələ ki, onlar Pşainyanın bundan sonrakı fəaliyyətindən çox narazı olacaqlar. Bu baxımdan hesab edirəm ki, növbəti mərhələdə ölkədə ona qarşı etirazlar baş qaldıracaq. Burada Rusiya katalizator rolu oynaya bilər. Paşinyan bu sayaq açıqlamaları ilə, bütövlükdə, erməni kilsəsinə demək istəyir ki, katolikos da mənəm”.
Vidadi ORDAHALLI