Martın 4-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edib. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilib.
Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var. Martın 4-də mükafatlandırma mərasimində birinci ledi Melania Tramp çıxış edib.
Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risq və qurban verərək edən qadınları tanımaqdır.
2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Builki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.
Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Qafari, Ermənistandan jurnalist Lüsi Koçaryan, Boliviyadan jurnalist Ksimena Galarza və digərləri var.
Qeyd edək ki, mükafata layiq görülən azərbaycanlı xanım ölkəmizdə çox da populyar deyil. Hətta həmkarları arasında onu az sayda adam tanıyır. Şəhla Hümbətovanın adı bir müddət əvvəl təmsil olunduğu Vəkillər Kollegiyası ilə qalmaqalda daha çox hallandı. Təsadüfi deyil ki, məhz buna görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun mükafatlanmaya fərqli reaksiyası müşahidə edilib. A.Bağırov keçmiş vəkil Ş.Hümbətovanın ABŞ-da yüksək mükafat almasına reaksiyanı sosial şəbəkələr üzərindən verib. O özünün “Facebook” hesabında paylaşım edərək “Məhkəməyə bilə-bilə saxta sübutlar təqdim edənlər ABŞ səfirliyinə müraciət etsinlər, mükafat vermək üçün siyahıya alırlar” deyə qeyd edib. A.Bağırov bunun ardınca isə Cinayət Məcəlləsinin 294-cü (Sübutları saxtalaşdırma) maddəsini paylaşıb.
Araşdırdıqda məlum olur ki, Ş.Hümbətova ötən ilin noyabr ayında Rəyasət Heyətinin qərarı ilə Vəkillər Kollegiyası üzvlüyündən çıxarılıb. Bundan sonra VK Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Ş.Hümbətovanın məhkəməyə saxta qəbz təqdim etdiyini bildirib və bununla bağlı araşdırma aparılmasını istəyib.
Keçmiş vəkil mükafata layiq görülməsilə bağlı xarici mediaya bunları deyib: “Bu səhər həyəcanlı idim, mükafatı alana qədər... Ümumiyyətlə, mən bu mükafat barədə əvvəllər o qədər də məlumatlı deyildim. Layiq görüldüyümü eşidəndə bu mənim üçün çox surpriz oldu. Və sonra təbii ki, daha çox araşdıranda gördüm ki, olduqca mötəbər mükafat imiş. Bu isə məni daha artıq həyəcanlandırdı”.
Şəhla xanım müsahibəsində A.Bağırovun ona yönəlik replikasını da ironik tərzdə cavablandırıb: “Mənim bu yerə gəlib çıxmağımda deməliyəm ki, A.Bağırovun çox böyük töhfəsi var. Bunun üçün, əslində, ona təşəkkür etməliyəm. Ona görə ki, vəkilliyi hazırkı duruma gətirməkdə onun müstəsna rolu var. Belə ki, bu gün bu mükafatı mən nəyə görə alıramsa, A.Bağırov məni məhz ona görə cəzalandırıb. Yəni ki, insan hüquqları uğrunda mübarizə üçün Azərbaycanda cəzalandırırlar, demokratik ölkələrdə isə mükafatlandırırlar. Ona görə A.Bağırovun adı çəkilir. Təsəvvür edin, eyni fəaliyyətə görə bir ölkədə cəzalandırılırsan, digər ölkədə isə ən yüksək səviyyədə mükafatlandırılırsan”.
Ş.Hümbətovanın vəkillik fəaliyyətini araşdırdıqda məlum olur ki, o daha çox siyasi məzmunlu və səs-küylü işlərdə vəkillik edib. Bura bloqçu Mehman Hüseynovun prosesini , “Gəncə işi” ilə bağlı məhkəmələrin gedişini aid edə bilərik. O, həmçinin, LGBT kimi tanınan cinsi azlıqların da müdafiəsində vəkil kimi iştirak edib. Doğrudan da öz ölkəsinin qanunları ilə cəzalandırılaraq, vəkillik fəaliyyətindən uzaqlaşdırılan bir xanıma ABŞ-da mötəbər bir mükafatın verilməsi maraqlı görünməyə bilməz.
Məhəmmədəli QƏRİBLİ