“Fikirləşirdim, necə ola bilər ki, müsəlman ölkəsində qadınların yarısının ali təhsili olsun”
Avstrya İctimai Radiosunun aparıcısı Yohans Groys (Mister Hans ) Azərbaycandadır. Diaspor Komitəsinin mətbuat xidməti Mister Hansın ölkəmizlə bağlı təəssüratlarını oxucularla təqdim edir.
- Mister Hans, sizi studiyamızda salamlayıram. Biliyim qədərilə Siz Avstryanın İctimai Radiosunda proqram aparırsınız. Ümumiyyətlə, verilişiniz nədən bəhs edir?
- Verilişim mədəniyyətlə bağlıdır. Musiqi, din və bir az da siyasətdən bəhs edir. Sizin milli bayramınızla əlaqədar 21 martdan etibarən bir həftə davam edəcək verilişlərimizdə Azərbaycan, Bakı barədə yayımlar edəcəyik. Mövzumuz azərbaycanlıların yaşayışı olacaq. Azərbaycan barədə daha çox miflər eşidirik, məlumatımız çox azdır. Çalışacağıq ki, bir həftə ərzində sizə daha yaxın olaq.
- Bu Sizin Azərbaycana ilk səfərinizdir?
- Bəli , ilk səfərimdir.
- Səfərdən öncə Azərbaycanı necə təsəvvür edirdiniz və indi təssüratlarınız necədir?
- Eurovision Mahnı Müsabiqəsinin burda keçirildiyi dövrü xatırladım. Elə bura gəlməyim də onunla bağlıdır. Musabiqə vaxtı Bakı haqqında sənədli filmlərə baxmışdım. Azərbaycanda qadınların təhsil səviyyəsinin çox yüksək olduğunu eşitmişdim. Düzü, bu bir az məni təəccübləndirmişdi. Fikirləşirdim, necə ola bilər ki, müsəlman ölkəsində qadınların yarısının ali təhsili olsun. Mən özüm fəlsəfə üzrə təhsil almışam, ona görə də məni kişilərin, insanların bu məsələyə münasibəti daha çox maraqlandırırdı. Bakı haqqında bildiyim məlumat Alov qüllələrinin burada yerləşməsi və neftlə zəngin olması idi. Başqa heç nə bilmirdim. Ona görə də hələ Vyanada olanda araşdırmaya başladım. İndi məncə, 2-3 % nəsə öyrənmişəm. Ümid edirəm ki, sabah dini təsirləri araşdırmaq üçün Şəkiyə gedə biləcəyik. Bugün də İctimai televiziyada oldum. Düzü, bir xeyli təəccübləndim. Fərqli şəkildə müsahibənin götürüldüyü 3D innovativ yayım forması ilə tanış oldum. Mənim üçün bu çox maraqlı idi. Mən həmçinin İctimai Radioya da baş çəkdim. Məsələn, İctimai Radioda sürücülər üçün ayrı proqram var. Bizim Radioda bu cür verilişlər yoxdur. Maşını necə düzgün sürmək lazımdır?! Bu həm əyləncəlidir, digər tərəfdən isə belə verilişlər çox maraqlıdır.
- Azərbaycanla bağlı hansı mövzulara toxunacaqsınız?
- Bir həftə ərzində “Qonşu Azərbaycan” adlı 3 veriliş efirdə olacaq. Birinci veriliş Azərbaycanda din mövzusuna həsr olunacaq, məscidlər, kilsələr və sinaqoqlar barədə olacaq. Növbəti verilişdə Azərbaycanda feminizm və qadınların təhsili məsələsinə toxunacam. Üçüncü proqramda isə saat yarım incəsənət və musiqidən söhbət acacağıq. Burda bacardığımız qədər Azərbaycan musiqisi və incəsənət təqdim edəcəyik.
- Şəkiyə səfər edəcəksiniz. Başqa planlarınız varmı?
- Bəli, biz Şəkiyə gedəcəyik. Orda bir kənd var. Düzü adı indi yadımdan çıxıb.Orda müxtəlif dini təsirlərin olduğunu bilirəm. 3 gün vaxtım var . Ona görə bazar günü Bakıya qayıdıb, yenə burda araşdırma aparmalıyam.
- Azərbaycan barədə araşdırmalara necə başladız?
- Araşdırmaya necə başladım? 9 yaşlı oğlum Nilsin sinif yoldaşı Ayişənin anası ilə tanış olduq. Ondan soruşdum siz Azərbaycandansınız? Mən də elə Azərbaycan haqqında araşdırma aparıram. Yaxından kömək edənlərin olması çox yaxşıdır.
- Gəldiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, səfəriniz xoş keçəcək.
- Təşəkkür edirəm. İşlərinizdə uğurlar arzu edirəm.