Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanda ciddi narahatlığa səbəb olub. Erməni KİV-i yazır ki, tanınmış erməni hərbi mütəxəssisi Van Ambartsumyan jurnalistlərlə söhbətində Ermənistan silahlı qüvvələrini əks balans tədbiri kimi bir nömrəli döyüş hazırlığı səviyyəsinə gətirməyə çağırıb.
V.Ambartsumyan Azərbaycan Ordusunun hərbi təlimlərini səfərbərlik kimi xarakterizə edib.
Onun sözlərinə görə, Ermənistan ordusunun bu cür hazırlığı vacibdir, çünki "Azərbaycan öz hərəkətlərində həmişə sürprizlərə üstünlük verib və Ermənistan onlara cavab verməyə hazır olmalıdır".
"Ermənistan rəhbərliyinin bilməsi vacibdir ki, hər hansı bir müharibə ehtiyatların səfərbərliyindən başlayır və bu təlimlər zamanı da Azərbaycan ciddi şəkildə gizlədərək ehtiyatda olanları da səfərbər edib. Həmçinin, uzaqmənzilli silahlar, məsələn, reaktiv yaylım atəş sistemi (RYAS) “Polonez” də cəlb olunub”.
Hərbi ekspert Ermənistan cəmiyyətini milli həmrəyliyə çağırıb və qeyd edib ki, ölkə hakimiyyəti planlaşdırılan referendumu təxirə salmalıdır. Qeyd edək ki, bəzi erməni KİV-i isə yazır ki, yaranmış vəziyyətdən ehtiyat edən Ermənistan ordunu tam hazırlıq vəziyyətinə gətirib.
Xatırladaq ki, Azərbaycanda genişmiqyaslı komanda-qərargah təlimləri başlayıb. Təlimlər martın 6-dək davam edəcək. Ermənistanın bu şəkildə narahatlığının nə kimi əsasları ola bilər?
Daşdəmir Əliyev: “Biz bəyan edirik ki, işğal altında olan torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırıq”
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqil ölkədir, hərbi doktrinasını özü müəyyən edir: “Müstəqil ölkə kimi, biz nə Ermənistandan, nə də onların havadarlarından icazə istəməli deyilik. Təlimlərin bir niyyəti var. Bütün qoşun növlərinin birgə fəaliyyətini döyüş zamanı düzgün koordinasiya etmək. Həmin təlimlərdə yeni silahların sınaq atışları da həyata keçirilə bilər. Biz bu təlimləri gizli keçirmirik. Təlimlər başlamadan öncə bu barədə ölkəmizdə olan səfirliklərin nümayəndələrinə, hərbi attaşelərinə məlumat vermişik. Bizim dövlət rəhbərliyi Ermənistana qarşı müharibə etməklə bağlı bəyanat verməyib. Ancaq biz bəyan edirik ki, işğal altında olan torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırıq. İşğalın arxasında Ermənistan durduğundan, onlar bu mövzuda narahatlıq keçirirlər. Ancaq bilsinlər ki, Azərbaycanın öz ərazilərini istənilən vaxt işğaldan azad etmək hüququ var. Biz bununla bağlı Ali Baş Komandanın əmrini gözləyirik”.
Ramil Məmmədli: “Bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı təlimlərin keçirilməsi...”
Hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, martın 2-də qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb: “Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin, heyətlərin vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq”.
Onun sözlərinə görə, hazırkı təlimlərdə Azərbaycan Ordusunun ehtiyat silahlardan istifadə etməsi kimi fikirlər tamamilə əsassızdır: “Əlbəttə ki, Azərbaycan Ordusunun təlimlərində işğal olunmuş ərazilərin azad olunması istiqamətində əməliyyatların və hazırlıqların aparılması kimi məsələlər bir nömrəlidir. Bu da təbii haldır. Çünki Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilib. Bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı təlimlərin keçirilməsi təbiidir. Hesab edirəm ki, hazırkı təlimlərdə Azərbaycan Ordusunun ehtiyat silahlardan istifadə etməsi kimi Ermənistan tərəfinin fikirləri beynəlxalq ictimaiyyət və təşkilatlarda Azərbaycan haqqında işğalçı imici yaratmaq məqsədi daşıyır. Bunlar isə həqiqətə uyğun olmayan fikirlərdir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır. Ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdədir. Heç bundan ötrü də ehtiyat silahlardan istifadə etməyə ehtiyac yoxdur”.
Məhəmmədəli QƏRİBLİ