Koronavirus təhlükəsinə görə əksər ölkələrdə kütləvi tədbirlərin, görüşlərin təxirə salındığı, hətta ölkə başçılarının belə kabinetə qapılaraq tədbirlərə, görüşlərə qatılmaması, ictimaiyyət arasına çıxmaması faktdır. Onlardan fərqli olaraq, Azərbaycan Respublikasının Prezidenti iştirak edəcəyi görüşləri, tədbirləri təxirə salmadı, hətta bölgələrə səfərə çıxdı, müxtəlif obyektlərin açılışında ictirak etdi, əhalilə, ictimaiyyətlə görüşlər keçirdi.
Bu onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ən ağır, çətin dövrlərdə belə xalqın, ictimaiyyətin yanındadır. Fakt budur ki, koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda, Prezident İlham Əliyev bölgələrə səfərini təxirə salmadı.
Hazırda koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyev bölgələrə getdi, Goranboy, Şəmkir və Qazax rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı regionlara səfər etmir, insanlarla görüşmür. Cənab Prezidentin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir. Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.
Əli Orucov: “Prezidentin bölgələrə bu səfərini təqdir edirəm”
AMİP təmsilçisi, politoloq Əli Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev, həmişə olduğu kimi, bu dəfə də xalqla bir olduğunu sübut etdi. Ölkə başçısının bu addımının ölkədə bu prosesin tamamilə nəzarət altında olduğunu və insanların təşvişinə heç bir əsas olmadığını bir daha təsdiqlədiyini deyən Ə.Orucov hesab edir ki, Prezidentin bu addımı bir nümunədir: “Koronavirus təhlükəsi get-gedə dünyanı təşvişə salmaqdadır. Hər dövlət də öz əhalisini bu virusdan qorumağa çalışır. Bilirik ki, artıq dünyanın bir çox ölkəsində mədəni-kütləvi tədbirlər, yığıncaqlar təxirə salınır və dövlət başçıları o görüşlərə, tədbirlərə getmirlər. Təbii ki, bu həm də cəmiyyətin qorunması üçündür. Bu virus başqa viruslardan fərqli olaraq, təkcə sağlamlıq məsələsinə sirayət etmir, bu həm də dövlətlərin iqtisadi-siyasi maraqlarına zərbələr vurur. Bu baxımdan da, təbii ki, daha diqqətli olmağa ehtiyac duyulur”.
Ə.Orucov qeyd etdi ki, Prezidentin bu səfərini, ümumiyyətlə, bölgələrə səfərlərini təqdir edir. “Prezidentin bölgələrə bu səfərini təqdir edirəm. O, xalqla həmişə görüşür və bu görüşlər xalqın fikirlərinin, onların vəziyyətinin öyrənilməsi baxımından da çox vacibdir. Bu vəziyyətdə Prezidentin bölgələrə səfəri müsbətdir. Bu da onu göstərir ki, bu virusdan ehtiyatlanmağa, təşvişə düşməyə ehtiyac yoxdur” - deyə Ə.Orucov vurğuladı.
Azər Həsrət: “...Azərbaycan Prezidenti bölgələrə səfərini təxirə salmadı və xalqla bir yerdə olmağa üstünlük verdi”
Siyasi şərhçi Azər Həsrət də hesab edir ki, ölkə başçısının Goranboya və Qazaxa səfər etməsi və bu rayonların ictimaiyyətilə görüşlər keçirməsi bir örnəkdir: “Azərbaycan Respublikasının Prezidenti istənilən şəraitdə Azərbaycan xalqı ilə birlikdədir. Yəni ən çətin anlarda, bu kimi vəziyyətlərdə hər zaman xalqın içində olur. Ölkə başçısı təkcə koronavirusla mübarizə apardığımız günlərdə rayonlara səfər etməyib, həmçinin, təbii fəlakətlər, texnogen qəzalar baş verdiyi zamanlar da o, xalqın içində olub, onları dinləyib, tövsiyələrini verib. Şamaxıda baş vermiş zəlzələdən sonra Prezidentin və Mehriban xanımın Azərbaycan dövləti adına atdıqları addımlar bu günə kimi də hər kəsin yadındadır. Dediyim odur ki, cənab Prezidentin belə bir şəraitdə bu cür davranması təəccüblü deyil. Bu onun həyat amalıdır, iş tərzidir, xalqla iç-içə olmaq seçimidir. Ona görə də cənab Prezident koronavirus təhlükəsinə baxmayaraq, bu dəfə hətta əvvəlkilərdən fərqli səfər edib. Bilirsiniz ki, cənab Prezident adətən bir rayona, bir bölgəyə bir gün ərzində səfər edir, hansısa obyektlərin açılışında iştirak edir, görüşlər keçirir. Ancaq bu dəfə görürsünüz ki, bir neçə rayonu əhatə edən və bir neçə gün davam edən səfərə gedib. Bu özü cənab Prezidentin xalqla iç-içə olmasının daha bir bariz nümunəsidir. Amma, məlum olduğu kimi, bir çox ölkənin başçıları səfərləri, görüşləri təxirə salırlar, fəaliyyətlərində ciddi dəyişikliklər edirlər, bu və ya digər şəkildə məhdudlaşdırırlar, daha çox kabinetdə oturub ölkələrini idarə etməyə çalışırlar. Amma öz kabinetlərinə qapanıb ölkələrini oturduqları yerdən idarə edən xarici ölkə başçılarından fərqli olaraq, Azərbaycan Prezidenti bölgələrə səfərini təxirə salmadı və xalqla bir yerdə olmağa üstünlük verdi. Bu bir daha onu təsdiqləyir ki, Azərbaycan Prezidenti sözdə deyil, əməldə xalqın adamıdır, xalqla iç-içə, çiyin-çiyinədir”.
İradə SARIYEVA